3.3. Hesabat xarakterli bir sıra uçot informasiyalarının formalaşdırılması və tərtibi xüsusiyyətləri
Kassa hesabatı. Mühasibat uçotunda özünəməxsus mövqeyə və xüsusi çəkiyə mlik olan bu hesabat "Hesabat" bölməsindəki "Kassa hesabatı" elementinin köməyi ilə tərtib olunur. Menyuda bu elementi seçdikdə, ekranda eyniadlı dialoq açılır. Bu dialoq eyni zamanda "Əməliyyat" bölməsində yerləşən "Kassa" alt menyusundakı "Ümumi hesabat" elementi və proqramın giriş vəziyyətində aktivləşdirilən "Kassa" nişanı vasitəsi ilə də açılır. Ona görə də bu dialoqun xüsuyyətləri burada təkrar şərh olunmur.

Avans hesabatı. Bu hesabat forması müəssisənin bir sıra məsul şəxsləri (məsələn, ezamiyyətdən qayıtmış şəxslər) tərəfindən tərtib edilir. Həmin hesabatı tərtib etmək üçün əsas menyunun "Hesabat" bölməsində yerləşən "Avans hesabatı" elementindən istifadə olunur. Bu elementi aktivləşdirdikdə, ekranda avans hesabatının tərtib edilməsini təmin edən "Personal\Hesabat" dialoqu açılır. Bu dialoqun ekranda görünüşü şəkil 62-də verilmişdir.

Dialoqda əks olunan məlumatlar 71No-li "Təhtəlhesab şəxslərlə hesablaşmalar" hesabı üzrə proqramın memorial order bölməsinə daxil edilmiş təsərrüfat əməliyyatları haqqında məlumatlar əsasında formalaşır. Dialoqun ekranda ilk görünüşündə "Tarix" xanalarında ümumilikdə proqram üçün müəyyən edilmiş hesabat dövrü əks olunur (həmin xanalarda tarixlər dəyişdirilərək, dialoqun hesabat dövrünü dəyişdirmək olar), digər xanalarda isə heç bir məlumat əks olunmur.


Şəkil 62. "Personal\Hesabat" dialoqunun ekranda görünüşü: dialoqun cədvəl hissəsində 71No-li "Təhtəlhesab şəxslərlə hesablaşmalar" sintetik hesabının analitik hesabları üzrə 2001-ci ilin sonuna qalıq məbləğləri əks olunmuşdur. Dialoqun aşağı hissəsindəki "Dövriyyə" passiv xanalarında analitik hesablar üzrə debet (2976752 manat) və kredit (1242689 manat) qalıqlarının cəmi məbləği, "Dövrün sonuna qalıq" xanalarında isə sintetik hesab üzrə birtərəfli qaydada hesablanmış debet qalığının məbləği (2976752-1242689=1734063 manat) görünür.

Dialoqun cədvəl hissəsində 71No-li "Təhtəlhesab şəxslərlə hesablaşmalar" sintetik hesabının proqramda açılmış analitik hesabları üzrə hesabat dövrünün sonuna qalıq məbləğləri əks olunur. Cədvəl hissəsinin yuxarısında dövrün əvvəlinə, aşağısında isə dövrün sonuna analitik hesablar üzrə qalıqların ümumi məbləği, başqa sözlə, həmin sintetik hesab üzrə ikitərəfli qalıq məbləğləri əks olunur. Adi halda qalıq məbləğləri manatla əks olunur, lakin dialoqun yuxarı hissəsindəki "Valyutaya çevirmək" xanasında valyuta növünü seçərək, "OK" düyməsini basdıqda, müvafiq məlumatlar eyni zamanda, seçilmiş valyuta ilə də əks olunur. Dialoqda formalaşdırılmış cədvəli çap etmək üçün "Çap" düyməsini basmaq lazımdır.

Təhtəlhesab şəxslərlə hesablaşmalar haqqında ətraflı məlumat "Personal\Hesabat" dialoqunun ikinci görünüşündə formalaşdırılır. Dialoqun birinci görünüşündə kursoru hər hansı bir sətirdə saxlayıb, dəstəyin sol düyməsini 2 dəfə dalbadal basdıqda, ekranda həmin analitik hesab üzrə təsərrüfat əəliyyatlarının müfəssəl şəkildə əks olunduğu ikinci dialoq açılır. Dialoqun ikinci görünüşündə hesabat dövrü ilə yanaşı xanada, təhtəlhesab şəxsin soyadı (bu, eyni zamanda müvafiq analitik hesabın adıdır) əks olunur. Cədvəl hissəsində seçilmiş analitik hesab üzrə təsərrüfat əməliyyatlarına dair müxabirləşmələr xronoloji qaydada əks olunur.

Xərclər haqqında hesabat. Bu hesabat forması əsas menyunun "Hesabat" bölməsindəki "Xərclər" elementi vasitəsi ilə tərtib edilir.


Şəkil 63. "Xərclər" dialoqunun ekranda görünüşü: dialoqda müəssisənin xərc və məsrəflərinin sintetik uçotu aparılan sintetik mühasibat hesabları üçün analitik hesablar rolunu oynayan xərc maddələrinin adları daxil edilmiş və bununla da proqramın müvafiq məlumat bazası formalaşdırılmışdir.

Bu elementin köməyi ilə açılan dialoqlar təsərrüfat əməliyyatları haqqında memorial orderə daxil edilmiş məlumatlar əsasında, müəssisənin verilmiş hesabat dövrünə aid xərcləri haqqında ətraflı hesabat formalaşdırılmasına xidmət göstərir. Həmin elementi seçdikdə, ona məxsus olan kiçik alt menyu açılır ki, burada da hər biri ekranda, müvafiq olaraq, "Xərclər" və "Xərclər/Hesabat" adlı dialoqların açılmasını təmin edən "Yeni" və "Hesabat" adlı iki element vardır.

Bu alt menyu vasitəsi ilə açılan "Xərclər" dialoqu proqramda xərc və məsrəflərin nomenklatura maddələri haqqında zəruri məlumat bazası formalaşdırılmasına xidmət edir. Həmin nomenklatura maddələri, eyni zamanda, müəssisədə xərc və məsrəflərin uçota alındığı sintetik hesablara təhkim edilmiş analitik hesablardır. Proqramda memorial orderə həmin sintetik hesablar üzrə hər hansı bir təsərrüfat əməliyyatı daxil edildikdə, avtomatik olaraq, analitik hesab haqqında sorğu xanası açılır və bu xanaya uyğun pəncərə müvafiq xərc maddəsini seçmək üçün açıldıqda, həmin pəncərədə "Xərclər" dialoqunda məlumat bazasına daxil edilmiş xərc maddələrinin adları görünür və buradan lazımi xərc maddəsi seçilir. Başqa sözlə, "Xərclər" dialoqunda məlumat bazasına daxil edilmiş hər bir xərc maddəsi müvafiq sintetik hesab (məsələn, 44No-li "Tədavül xərcləri" sintetik hesabı) üçün analitik hesab rolunu oynayır.

"Xərclər" dialoqunun forması şəkil 63-də əks olunmuşdur. Bu dialoqda proqramın məlumat bazasına yeni xərc maddəsi daxil etmək, mövcud olanları dəyişdirmək və ya ləğv etmək mümkündür.

"Hesabat" elementi vasitəsi ilə açılan "Xərclər/Hesabat" dialoqu müəyyən edilmiş hesabat dövrünə aid müəssisənin xərc və məsrəfləri haqqında hesabat formalaşdırmaq üçün nəzərdə tutulmuşdur.

Dialoqun yuxarı hissəsində hesabat dövrünü, xərc maddəsinin adını, xərclərin uçota alındığı sintetik hesabın nömrəsini, seçilmiş valyuta növünü daxil etmək, eləcə də formalaşdırılmış məlumatları hər hansı bir ikinci valyutaya çevirmək üçün müvafiq xanalar verilmişdir. Bundan başqa, burada həmin xanalarda daxil edilmiş məlumatların silinməsini təmin edən düymələr də vardır.

Dialoqun cədvəl hissəsində həm ayrı-ayrı xərc maddələri üzrə ümumi göstəricilər, həm də hər hansı bir seçilmiş xərc maddələrinin adı, həmin xərc maddəsinin uçota alındığı analitik hesab üzrə debet və kredit dövriyyəsi məbləğləri həm manatla, həm də seçilmiş hər hansı bir ikinci valyuta ilə əks olunur. Cədvəl hissəsinin yuxarısında seçilmiş sintetik hesab (məsələn, 44No-li "Tdavül xərcləri" sintetik hesabı) üzrə dövrün əvvəlinə qalıq, aşağısında isə dövriyyə və dövrün sonuna qalıq məbləğləri passiv xanalarda əks olunur.

Dialoqun ekranda ilk açılışı variantında, onun yuxarı hissəsindəki "Tarix" xanalarından başqa, digər xanalar boş olur və cədvəl hissəsində ayrı-ayrı xərc maddələri üzrə ümumi göstəricilər əks olunur.

Şəkil 64-də verilmiş "Xərclər/Hesabat" dialoqunda 44No-li "Tədavül xərcləri" sintetik hesabının müvafiq analitik hesabları üzrə ümumi göstəricilər əks olunmuşdur.


Şəkil 64. "Xərclər/Hesabat" dialoqunun ekranda ilk görünüşü: dialoqda 44No-li "Tədavül xərcləri" sintetik hesabının müvafiq analitik hesabları üzrə 2001-ci ilə aid ümumi məlumatlar əks olunmuşdur.

Kursoru hər hansı bir xərc maddəsinə aid sətrə gətirib, dəstəyin sol düyməsini iki dəfə dalbadal basdıqda, dialoqun yuxarı hissəsindəki "Adı" xanasında həmin xərc maddəsinin adı, cədvəl hissəsində isə bu xərc maddəsi üzrə memorial orderdən seçilmiş təsərrüfat əməliyyatları əks olunur. Xərc maddəsinin adı əks olunan xananın sol küncündəki üzərində üçbucaq işarəsi olan düyməni basmaqla açılan pəncərədə, digər xərc maddəsinin adını seçib, "OK" düyməsni basmaqla, cədvəl hissəsində seçilmiş hər hansı bir digər xərc maddəsi üzrə təsərrüfat əməliyyatlarını əks etdirmək olur. "Çap" düyməsini basmaqla, müvafiq xərc maddəsi üzrə hesabat çap edilir.

Şəkil 65-də verilmiş "Xərclər/Hesabat" dialoqunda 44No-li "Tədavül xərcləri" sintetik hesabının "Azinternetservis" analitik hesabı üzrə müfəssəl məlumatlar əks olunmuşdur. Burada xərc maddələrnin adı əks olunan pəncərə açıq formada verilmişdir və orada xərc maddələrinin, başqa sözlə desək, 44No-li "Tədavül xərcləri" sintetik hesabına aid olan analitik hesabların adları görünür.


Şəkil 65. "Xərclər/Hesabat" dialoqunun ekranda ikinci görünüşü: dialoqda 44No-li "Tədavül xərcləri" sintetik hesabının "Azinternetservis" analitik hesabı üzrə 2001-ci ilə aid müfəssəl məlumatlar və dialoqun yuxarı hissəsindəki açıq pəcərədə xərc maddələrinin, başqa sözlə, müvafiq analitik hesabların adları əks olunmuşdur.

Satış hesabatı. Bu hesabat forması əsas menyunun "Hesabat" bölməsindəki "Satış hesabatı" elementi vasitəsi ilə tərtib edilir. Bu element verilmiş hesabat dövrünə aid məhsul, iş və xidmətlər satışı haqqında 46No-li "Məhsul (iş və xidmətlər) satışı" və 48No-li "Sair aktivlərin satışı" sintetik hesablarının subhesab və analitik hesablarında toplanmış məlumatların formalaşdırılması, əks etdirilməsi və çap edilməsinə xidmət göstərən "Debitor\Kreditor/Hesabat" adlı dialoqun ekranda açılması üçün nəzərdə tutulmuşdur. Dialoqun ekranda görünüşü şəkil 66-da verilmişdir. Onun yuxarı hissəsində hesabat dövrünü, analitik hesabların adı, sintetik hesabın nömrəsi, seçilmiş valyuta növü və dialoqda əks olunan məlumatları eyni zamanda hər hansı bir digər valyuta ilə göstərmək üçün nəzərdə tutulmuş "Valyutaya çevirmək" xanaları mövcuddur. Ilk görünüşdə bu xanalar, "Tarix" xanaları istisna olmaqla, boş vəziyyətdə olur. Bu variantda dialoqun cədvəl hissəsində həm 46No-li "Məhsul (iş və xidmətlər) satışı, həm də 48No-li "Sair aktivlərin satışı" hesabları üzrə bütün analitik hesablara aid ümumi məlumatlar əks olunur.


Şəkil 66. "Debitor\Kreditor/Hesabat" dialoqunun ekranda ilk görünüşü: dialoqda 46No-li "Məhsul (iş və xidmətlər) satışı" sintetik hesabının müvafiq analitik hesabları üzrə 2001-ci ilə aid ümumi məlumatlar, yuxarı hissədəki açıq pəcərədə isə analitik hesabların adları əks olunmuşdur.

Həmin analitik hesablar üzrə daha geniş və ətraflı məlumatlar almaq üçün dialoqun yuxarı hissəsində verilmiş xanalarda müəyyən seçim əməliyyatları apararaq, "OK" düyməsini basmaq lazımdır. Cədvəl hissəsində analitik hesablar üzrə müfəssəl məlumatların əks etdirilməsi seçimi iki əsas üsulla tənzimlənə bilər. Ilk növbədə tətbiq olunan üsul kursoru cədvəl hissəsində hər hansı bir analitik hesaba aid olan sətir üzərində saxlayıb, dəstəyin sol düyməsini 2 dəfə dalbadal basmaqdan ibarətdir. Bu zaman dialoqun yuxarı hissəsində verilmiş "Adı" xanasında seçilmiş analitik hesabın adı, cədvəl hissəsində isə həmin analitik hesaba aid təsərrüfat əməliyyatları əks olunur.

Analitik hesabların ikinci seçimi üsulu əməliyyatların yuxarıda verilən xanalarda aparılması ilə xarakterizə olunur. Bu üsuldan istifadə edildikdə, "Adı" və "HesabNo" xanalarında, müvafiq olaraq, analitik hesabın adı və sintetik hesabın nömrəsi seçilərək, "OK" düyməsi basılır. Bu zaman dialoqun cədvəl hissəsində seçilmiş analitik hesab üzrə müfəssəl məlumatlar görünür.

Qeyd etmək lazımdır ki, müəssisədə həm 46No-li "Məhsul (iş və xidmətlər) satışı", həm də 48No-li "Sair aktivlərin satışı" sintetik hesabları üzrə eyniadlı analitik hesab açılarsa, onda dialoqun cədvəl hissəsində bu analitik hesab üzrə məlumatlar həm ayrı-ayrılıqda olmaqla, həm də birlikdə əks oluna bilər. Bu halda, əgər "HesabatNo" xanasında "46" və ya "48" göstərilərsə, onda cədvəl hissəsində, müvafiq olaraq, 46No-li "Məhsul (iş və xidmətlər) satışı" və ya 48No-li "Sair aktivlərin satışı" sintetik hesabı üzrə açılmış eyniadlı analitik hesablardan biri üzrə müfəssəl məlumatlar əks olunacaqdır. Əks halda, yəni "HesabNo" xanasında heç bir hesab seçilmədikdə, cədvəl hissəsində eyniadlı hər iki analitik heablar üzrə müfəssəl məlumatlar əks olunmalıdır.

Dialoqda məlumatların manatla yanaşı, digər ikinci valyuta ilə də ifadə olunması üçün "Valyutaya çevirmək" xanasında, üzərində üçbucaq işarəsi olan düyməni basaraq, müvafiq valyuta növünü seçmək lazımdır. Bu zaman həmin xana ilə yanaşı xanada seçilmiş valyutanın müvafiq kursu manatla əks olunur. "OK" düyməsini basdıqda, dialoqun müvafiq bölmə və xanalarında məlumatlar həm manatla, həm də seçilmiş ikinci valyuta ilə əks olunur.

Dialoqun cədvəl hissəsinin yuxarı hissəsində verilmiş passiv xanalarda seçilmiş sintetik və ya analitik hesab üzrə dövrün əvvəlinə qalıq, aşağı hissəsində isə hesabat dövründə dövriyyə və dövrün sonuna qalıq məbləğləri əks olunur.

Dialoqda formalaşdırılmış məlumatları çap etmək üçün "Çap" düyməsindən istifadə edilir.

46No-li "Məhsul (iş və xidmətlər) satışı" sintetik hesabının "Azfen BM" analitik hesabı üzrə 2001-ci ilə aid formalaşdırılmış satış haqqında məlumatların əks olunduğu "Debitor\Kreditor/Hesabat" dialoqunun ekranda görünüşü şəkil 67-də verilmişdir.

Bu şəkildə dialoqun yuxarı hissəsindəki "Adı" xanasının altında yerləşən analitik hesabların adları əks olunan pəncərə açıq vəziyyətdədir.

Dialoqun cədvəl hissəsində 46No-li "Məhsul (iş və xidmətlər) satışı" sintetik hesabına aid olan "Azfen BM" analitik hesabı üzrə 2001-ci ildə proqramın məlumat bazasına (memorial orderə) daxil edilmiş təsərrüfat əməliyyatlarına dair müxabirləşmələr əks olunmuşdur. Kursoru dialoqun cədvəl hissəsində bu müxabirləşmələrdən hər hansı birinə aid olan sətrin üzərində saxlayıb, dəstəyin sol düyməsini 2 dəfə dalbadal saxıldıqda, ekranda memorial orderin həmin təsərrüfat əməliyyatı əks olunan sahəsi görüncəkdir.


Şəkil 67. "Debitor\Kreditor/Hesabat" dialoqunun ekranda ikinci görünüşü: dialoqda 46No-li "Məhsul (iş və xidmətlər) satışı" sintetik hesabının "Azfen BM" analitik hesabı üzrə 2001-ci ilə aid müfəssəl məlumatlar, yuxarı hissədəki açıq pəcərədə isə həmin sintetik hesaba aid müvafiq analitik hesabların adları əks olunmuşdur.