3.2. Mühasibat-maliyyə hesabatı formalarının tərtib edilməsi qaydaları
"AzMuhasib" proqramında müəssisənin balansı əsas menyunun "Hesabat" bölməsində yerləşən "Balans" elementindən istifadə etməklə tərtib edilir. Bu elementi aktivləşdirməklə, ekranda açılan "Balans" dialoqu verilmiş hesabat dövrünə aid mühasibat-maliyyə hesabatının əsas forması olan "Müəssisə balansı" (formaNo1) hesabatının tərtib edilməsi prosesini tənzimləmək funksiyasını yerinə yetirir. "Balans" dialoqunun ekranda ilk görünüşündə "Tarix" xanalarında, ümumilikdə proqram üçün müəyyən edilmiş hesabat dövrünün başlanğıc və son tarixləri görünür. Balansın tərtib olunması prosesində bu tarixləri tənzimləməklə, müəssisənin balansı üçün digər hesabat dövrü müəyyən etmək olar, lakin adi mühasibat uçotu prosesində buna heç bir ehtiyac olmur, çünki müəssisənin bütün uçot registrləri üçün ümumi hesabat dövrü təyin edilməsi daha məqsədəuyğundur.

Dialoqun yuxarı hissəsində balansın yekun göstəricilərinin əks olunması üçün nəzərdə tutulmuş passiv rejimli 4 xana vardır ki, onlardan da ikisində ilin əvvəlinə, ikisində isə hesabat dövrunün sonuna balansın aktivi və passivi üzrə cəmi məbləğlər əks olunur. Dialoqda balansın tərtib edilməsi və çap edilməsi müvafiq olaraq, "OK" və "Çap", balans maddələrinin tənzimləməsi isə "Nizamlama" və "Yuvarlaq" düymələri vasitəsi ilə yerinə yetirilir. Dialoqun əsas sahəsi balansın aktiv və passiv hissələrinin cədvəl formasında əks etdirilməsi üçün nəzərdə tutulmuşdur. Dialoqun ilk görünüşündə həm onun əsas sahəsi, həm də yuxarı hissədəki 4 xana boş olur və orada heç bir məlumat əks olunmur. Əsas sahənin yuxarı sol küncündəki "Aktiv" və "Passiv" başlıqları dialoqun cədvəl hissəsində balansın müvafiq hissəsinin əks etdirilməsinə xidmət edir.


Şəkil 60. "Balans" dialoqunun ekranda görünüşü: dialoqun "Tarix" xanalarında 2001-ci ilə aid illik hesabat dövrü tənzimlənmiş, cədvəl hissəsində balansın aktivinin bir hissəsi, yuxarıdakı passiv xanalarda isə müvafiq yekun göstəriciləri əks olunmuşdur.

"Balans" dialoqunda 1No-li forma üzrə müəssisənin balansını tərtib etmək üçün "OK" düyməsini basmaq lazımdır. Bu zaman dialoqun əsas sahəsində balansın bir hissəsi əks olunan cədvəl, yuxarıdakı passiv xanalarda isə yekun göstəriciləri əks olunur. Balansın aktivi və passivi üzrə bütün məlumatları nəzərdən keçirmək üçün cədvəli aşağı-yuxarı hərəkət etdirmək lazımdır. "Balans" dialoqunun ekranda görünüşü şəkil 60-da verilmişdir. Dialoqda müəssisənin 01 yanvar 2002-ci il tarixə balansı alınmışdır və onun aktivinin bir hissəsi dialoqun cədvəl hissəsində, yekun göstəriciləri isə yuxarı xanalarda əks olunmuşdur.

Balansı çap etmək üçün "Çap" düyməsini basmaq lazımdır. Bu zaman ekranda Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsi ilə razılaşdırılmaqla, 1995-ci il üçün təsdiq edilmiş "Müəssisə balansı" (formaNo-1) mühasibat-maliyyə hesabatı görünür. Ekranın yuxarı sətrində veilmiş müvafiq işarələrin köməyi ilə 3 səhifədən ibarət olan bu hesabat nəzərdən keçirilir və çap edilir.


Şəkil 61. "Nizamlama" dialoqunun ekranda görünüşü: dialoqun sol tərəf cədvəl hissəsində balans maddələrinin məzmunu, sətir kodu, formalaşdırılması üsulu və hansı bölmədə olması, sağ tərəf pəncərəsində isə kursorun dayandığı sətrin hansı hesabların qalıqları vasitəsi ilə formalaşdığı əks olunmuşdur.

Proqramda verilmiş balans formasının tənzimlənməsi üçün "Nizamlama" və "Yuvarlaq" düymələrindən istifadə olunur. Qeyd etmək lazımdır ki, adi halda balans formasında heç bir tənzimləmə aparmaq lazım gəlmir. Bununla yanaşı, hər ehtimala qarşı, proqramda balans formasının tənzimlənməsi üçün imkanlar nəzərdə tutulmuşdur.

Balans formasının əsaslı şəkildə tənzimlənməsi "Nizamlama" düyməsi vasitəsi ilə açılan eyniadlı dialoq vasitəsilə aparılır.

"Nizamlama" dialoqunun ekranda görünüşü şəkil 61-də verilmişdir. Dialoqun əsas hissəsində balans maddələrinin məzmunu, sətir kodu, formalaşdırılması üsulu və hansı bölməyə məxsus olmasını əks etdirən elektron cədvəl verilmişdir.

Elektron cədvəlin bütün xanaları ayrı-ayrılıqda aktivləşdirilərək, onlara daxil edilmiş informasiyaların dəyişdirilməsi imkanına malikdir. Belə imkanlardan istifadə edərək, balans maddələrinin məzmunu və formalaşdırılması mexanizmində lazımi dəyişiklik aparmaq olar. Bunun üçün kursoru dəyişdiriləcək xanada saxlayıb, dəstəyin sol düyməsini 2 dəfə dalbadal basaraq, həmin xananı aktivləşdirmək lazımdır. Sonra oraya hər bir xananın öz mahiyyətinə uyğun informasiya daxil edərək, xananı bağlamaq (xanadan çıxmaq) lazımdır.

Kursoru balansın hesab nömrələri yazılmış hər hansı bir sətri üzərinə gətirdikdə, dialoqun sağ tərəfində həmin hesabların nömrələri əks olunan pəncərə acılır. Bu pəncərənin aşağısında balans maddəsinin pəncərədə göstərilən hesabların debet və ya kredit qalığından ibarət olmasını göstərən seçim xanaları vardır.

Dialoqun aşağı hissəsində balansın hər hansı başqa sətirlərindən asılı şəkildə formalaşan sətir məbləğlərinin hesablanması mexanizmini əks etdirən "Əməliyyatın strukturu" bölməsi vardır. Kursoru hər hansı bir asılı sətrə gətirdikdə, həmin bölmədə kiçik pəncərə açılır və orada bu sətrin formalaşdırılmasına təsir göstərən sətirlərin kodları görünür.

Dialoqun aşağısında verilmiş "Fiksasiya" düyməsini basmaqla, aparılmış tənzimləmə işləri yadda saxlanır.

Mühasibat-maliyyə hesabatının digər formaları proqramın əsas menyusundakı "Utilit" bölməsində yerləşən "Hesabatların tərtibatı" elementindən istifadə etməklə tərtib olunur. Bu element vasitəsi ilə eyni zamanda bir sıra digər hesabatlar və müəssisənin idarəedilməsi üçün zəruri olan hesabat xarakterli cədvəllər də tərtib olunur. Menyuda "Hesabatların tərtibatı" elementini seçərkən, ekranda müxtəlif növlü hesabat və cədvəl formalarının yaradılması üçün nəzərdə tutulmuş "Blank/Perort Desiqner" adlı cədvəl prosessoru açılır ("Perort Desiqner" ifadəsi azərbaycan dilinə "Hesabatlar Dizayneri" kimi tərcümə olunur).

Bu cədvəl prosessorunun istifadə prinsipləri "Microsoft Exsel" və "Microsoft Word" kimi kütləvi mətn redaktorlarının prinsiplərinə oxşardır. Həmin prinsiplərdən istifadə edərək, "AzMuhasib" proqramında formalaşdırılmış məlumat bazası əsasında çoxsaylı hesabat formaları və cədvəllər yaradılmışdır. Burada həm proqramın "Hesabat" bölməsinə daxil edilməmiş mühasibat-maliyyə hesabatı formaları (formaNo2 "Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat" və formaNo5 "Müəssisə balansına əlavə"), həm də digər çoxsaylı hesabat və cədvəl formaları yaradılmışdır. Bunlardan əlavə dəyər vergisi, aksizlər, mənfəət vergisi və digər vergi növləri üzrə bəyannamələri, Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəlini (formaNo1 DSMF), müəssisənin trial balansını və digər formaları misal göstərmək olar. Həmin hesabat və cədvəl formaları "Araz Computer" firması tərəfindən "Report Desiqner" cədvəl prosessorunda ayrı-ayrı fayllarda yaradılaraq, "AzMuhasib" proqramının tərkibinə daxil edilmiş və onun istifadəçilərinə təqdim edilir.

Ayrı-ayrı fayllar şəklində verilmiş hər hansı bir hesabat və ya cədvəl formasını tərtib etmək üçün müvafiq faylı açaraq, onun yuxarı hissəsində verilmiş tarix xanalarında lazımi hesabat dövrünü tənzimlədikdən sonra, "Fayl" menyusunda yerləşən "Hesablamaq" elementini seçməklə və ya alətlər panelindəki kalkulyator işarəsini canlandırmaqla, seçilmiş hesabat növü tərtib olunur.

"Report Desiqner" cədvəl prosessorunda yaradılmış hesabat və cədvəl formalarını dəyişdirmək və yeni formalar yaratmaq üçün imkanlar mövcuddur. Mövcud hesabat və cədvəl formalarını dəyişdirmək və ya yeni forma yaratmaq üçün kursoru müvafiq xanalarda saxlayaraq, klaviaturada "+/=" düyməsini basmaqla, həmin xanaya funksional xarakteristika vermək üçün nəzərdə tutulmuş kiçik ölçülü pəncərə açılır. Həmin pəncərədə "Function" düyməsini canlandırdıqda, orada xanalara müvafiq xarakteristika vermək üçün nəzərdə tutulmuş çoxsaylı funksiyaların siyahısı açılır. Həmin siyahıdan lazım olan funksiyanın parametrlərini müəyyən edib, müvafiq xanaya yazmaqla, istənilən formada hesabat yaratmaq olar. Funksiya seçimini tezləşdirmək və asanlaşdırmaq üçün "Vizard" düyməsindən istifadə olunur.