3.4. Mühasibat hesabları üzrə əməliyyatların təhlili xüsusiyyətləri
Mühasibat hesablarında qeydə alınmış təsərrüfat əməliyyatlarının müxtəlif məqsədlərlə təhlil edilməsi üçün proqramın əsas menyusunun "Hesabat" bölməsində yerləşən "Hesabın təhlili" elementindən istifadə edilir. Menyuda bu elementi seçdikdə, hər hansı bir mühasibat hesabı üzrə hesabat dövründə baş vermiş təsərrüfat əməliyyatlarının ümumilikdə və ya günlər üzrə təhlil edilməsi üçün nəzərdə tutulmuş müvafiq dialoqların açılmasını təmin edən, aşağıdakı 2 elementdən ibarət alt menyu açılır:
-Ümumi hesabat;
-Günlər üzrə hesabat.

Həmin alt menyuda "Ümumi hesabat" elementini seçdikdə, ekranda seçilmiş mühasibat hesabı üzrə hesabat dövründə baş vermiş təsərrüfat əməliyyatlarının ümumilikdə təhlil edilməsi üçün nəzərdə tutulmuş "Hesabın təhlili" adlı dialoq açılır.


Şəkil 68. "Hesabın təhlili" dialoqunun ekranda görünüşü: dialoqda 50No-li "Kassa" sintetik hesabı üzrə 2001-ci ilə aid ümumi məlumatlar həm manatla, həm də ABŞ dollarına çevrilməklə əks olunmuşdur.



Bu dialoqda hər hansı bir seçilmiş sintetik mühasibat hesabı və ya subhesab üzrə məlumatlar iki mərhələdə əks olunur. Birinci mərhələdə seçilmiş hər hansı bir hesabın digər bütün hesablarla müxabirləşməsinə aid ümumi dövriyyə məbləğləri, ikinci mərhələdə isə həmin seçilmiş hesabın digər bir konkret hesabla müxabirləşməsinə dair təsərrüfat əməliyyatları müfəssəl şəkildə, memorial orderdən seçməklə, xronoloji ardıcıllıqla əks olunur.

"Hesabın təhlili" dialoqunun birinci forması şəkil 68-də verilmişdir. Şəkildə əks olunmuş dialoqda 2001-ci ildə 50No-li "Kassa" hesabı üzrə müxabirləşmələrə aid ümumi məlumatlar həm manatla, həm də ABŞ dollarına çevrilməklə formalaşdırılmışdır.

Dialoqun yuxarı hissəsində, hesabat dövrünün başlanğıc və son tarixlərini müəyyənləşdirmək, eləcə də təhlil ediləcək sintetik hesab və ya subhesabın seçilməsi, təsərrüfat əməliyyatlarının valyuta növünün və formalaşdırılacaq məlumatların hər hansı bir ikinci valyutaya çevrilməsi seçiminin müəyyən edilməsi üçün nəzərdə tutulmuş xanalar və dialoqun idarə edilməsi üçün düymələr verilmişdir. Bu xanalarda müvafiq hesabat dövrü müəyyənləşdirildikdən, "HesabNo" xanasında təhlil ediləcək hesabın nömrəsi, "Valyuta" və "Valyutaya çevirmək" xanalarında müvafiq valyuta növü seçildikdən sonra, "OK" düyməsi basılaraq, seçilmiş hesab üzrə ümumi məlumatlar formalaşdırılır. Bu zaman daloqun cədvəl hissəsində seçilmiş hesabla ayrı-ayrı heabların müxabirləşməsinə dair debet və kredit dövriyyəsinin ümumi məbləğləri hər bir hesabın nömrəsi və adı göstərilən sətirlərdə əks olunur. "Valyutaya çevirmək" xanasında hər hansı bir valyuta növü seçilmiş olarsa, onda dialoqun cədvəl hissəsinin valyuta bölməsində ayrı-ayrı hesablar üzrə müxabirləşmə məbləğləri, eyni zamanda həmin valyuta ilə də əks olunacaqdır. Cədvəl hissəsinin yuxarısında seçilmiş hesab üzrə dövrün əvvəlinə qalıq, aşağısında isə dövriyyə və dövrün sonuna qalıq məbləğləri verilir.

"Hesabın təhlili" dialoqunun birinci formasında əks olunmuş məlumatlar aşağıda göstərilən iki formada çap oluna bilər:
1.Ümumi şəkildə;
2.Müfəssəl formada.

Buna müvafiq olaraq, kursorun işarəsini dialoqun yuxarı hissəsində görünən "Çap" düyməsinin üzərinə gətirib, dəstəyin sol düyməsini basdıqda, hesabın təşlili cədvəlinin çap olunması rejiminin formalarını əks etdirən, aşağıdakı iki elementdən ibarət alt menyu açılır:
-Hesablar;
-Yazılışlar.

Kursorun işarəsini bu alt menyuda görünən "Hesablar" elementinin üzərində saxlayıb, dəstəyin sol düyməsini basdıqda, ekranda seçilmiş hesab üzrə ümumi məlumatların əks olunduğu "Hesabın təhlili" cədvəli açılır. Həmin alt menyuda "Yazılışlar" elementi seçildikdə, ekranda açılan "Hesabın təhlili" cədvəlində seçilmiş hesab üzrə hesabat dövrünə aid bütün mühasibat yazılışları müfəssəl şəkildə əks olunacaqdır.

"Hesabın təhlili" dialoqunda, kursorun işarəsini cədvəl hissəsində hər hansı bir hesaba aid olan sətrə gətirib, dəstəyin sol düyməsini 2 dəfə dalbadal basdıqda, ekranda dialoqun ikinci forması açılır. Burada həmin sətirdə əks olunmuş ümumi mühasibat müxabirləşməsinə aid təsərrüfat əməliyyatları müfəssəl şəkildə, memorial orderdən seçilməklə və xronoloji ardıcıllıqla əks olunur.

"Hesabın təhlili" dialoqunun ikinci forması şəkil 69-da verilmişdir. Burada 2001-ci ildə 50No-li "Kassa" hesabı ilə 51No-li "Hesablaşma hesabı" sintetik mühasibat hesabının müxabirləşməsinə aid memorial orderə daxil edilmiş təsərrüfat əməliyyatları xronoloji ardıcıllıqla əks olunmuşdur. Kursoru cədvəldə əks olunmuş hər hansı bir təsərrüfat əməliyyatına aid sətrin üzərində saxlayıb, dəstəyin sol düyməsini 2 dəfə dalbadal basdıqda, ekranda memorial orderin həmin təsərrüfat əməliyyatları daxil edilmiş hissəsi açılır. "Çıxış" düyməsini basmaqla, yenidən "Hesabın təhlili" dialoqunun ikinci formasına qayıdılır. Burada isə "OK" düyməsini basmaqla, dialoqun birinci forması açılır.


Şəkil 69. "Hesabın təhlili" dialoqunun ekranda ikinci görünüşü: dialoqda 50No-li "Kassa" sintetik hesabı ilə 51No-li "Hesablaşma hesabı" sintetik hesabının müxabirləşməsinə aid məlumatlar əks olunmuşdur.

"Hesabın təhlili" alt menyusunda "Günlər üzrə hesabat" elementini seçdikdə, ekranda seçilmiş mühasibat hesabı üzrə hesabat dövründə baş vermiş təsərrüfat əməliyyatlarının ayrı-ayrılıqda götürülmüş günlər üzrə təhlil edilməsi üçün nəzərdə tutulmuş eyniadlı dialoq açılır. Bu dialoqun özündən əvvəlki dialoqdan başlıca fərqi, onda hesabat dövründə əməliyyat baş vermiş günlər üzrə mühasibat yazılışlarının həm ümumi şəkildə, həm də müfəssəl formada nəzərdən keçirilməsi və çap edilməsi imkanının mövcud olmasıdır. Dialoqun yuxarı və aşağı hissələrindəki aktiv və passiv xanaların forma və məzmunu, eləcə də mövcud olan idarəedici düymələr və onların funksiyaları bundan əvvəlki dialoqla eyni olduğu üçün əlavə izah edilmir. Cədvəl hissəsində məlumatlar iki pəncərədə əks olunur. Dialoqun sol tərəfindəki şaquli "Tarix" pəncərəsində hesabat dövründə seçilmiş hesab üzrə hər hansı bir təsrrüfat əməliyyatı baş vermiş günlərin tarixləri, sağ tərəfindəki geniş üfüqi pəncərədə isə seçilmiş hər hansı bir günə aid seçilmiş hesabın ayrı-ayrı hesablarla müxabirləşmələri üzrə debet və kredit dövriyyəsinin ümumi məbləğləri həm manatla, həm də dialoqun yuxarı hissəsində seçilmiş hər hansı bir ikinci valyutaya çevrilməklə əks olunur.


Şəkil 70. "Günlər üzrə hesabat" dialoqunun ekranda görünüşü: dialoqda 50No-li "Kassa" sintetik hesabı üzrə 15 mart 2001-ci il tarixli günə aid ümumi məlumatlar həm manatla, həm də ABŞ dollarına çevrilməklə əks olunmuşdur.

"Günlər üzrə hesabat" diloqunun ekranda ümumi görünüşü şəkil 70-də verilmişdir. Burada dialoqun yuxarı hissəsindəki aktiv xanalarda 50No-li "Kassa" hesabı üzrə 2001-ci ilə aid məlumatların həm manatla, həm də ABŞ dolları ilə əks etdirilməsi, sol tərəfdəki şaquli pəncərədə isə həmin məlumatların 15 mart 2001-ci il tarixli günə aid formalaşdırılması şərtləri tənzimlənmişdir.


Şəkil 71. "Günlər üzrə hesabat" dialoqunun ekranda görünüşü: dialoqda 15 mart 2001-ci il tarixli günə 50No-li "Kassa" sintetik hesabı ilə 46No-li "Məhsul (iş və xidmətlər) satışı" sintetik hesabının müxabirləşməsinə aid təsərrüfat əməliyyatları əks olunmuş müfəssəl məlumatlar həm manatla, həm də ABŞ dollarına çevrilməklə əks olunmuşdur.

Dialoqun sağ tərəfindəki debet və kredit dövriyyələri əks olunan cədvəldə kursoru hər hansı bir hesaba uyğun olan sətrin üzərinə gətirib, dəstəyin sol düyməsini 2 dəfə dalbadal basdıqda, ekranda dialoqun ikinci forması görünür. Dialoqun bu görünüşü şəkil 71-də verilmişdir. Burada dialoqun ümumi formasındakı cədvəldə seçilmiş hər hansı bir sətrə aid mühasibat yazılışları və təsərrüfat əməliyyatları müfəssəl formada əks olunur. Şəkildə 50No-li "Kassa" hesabı ilə 46No-li "Məhsul (iş və xidmətlər) satışı" hesabının müxabirləşməsinə aid təsərrüfat əmliyyatları əks olunmuşdur.