7.1. "Arxiv" modulundan istifadənin ümumi prinsipəri
"AzMuhasib"proqramında yaradılmış məlumat bazasının və uçot informasiyalarının arxivləşdirilməsi, eləcə də proqramın arxivində olan informasiyaların yenidən açılması üçün "Arxiv" modulundan istifadə olunur. Həmin modulun idarə edilməsi uçun nəzərdə tutulmuş "Arxiv" dialoqu şəkil 93-də əks olunmuşdur.


Şəkil 93. "Arxiv" dialoqunun ekranda görünüşü.

"Arxiv" dialoqu iki hissədən ibarət olub, onlardan birincisində "AzMuhasib" proqramlar paketinin istismarı prosesində yaradılmış arxivlərin siyahısı, ikincisində isə həmin arxivlərin yaradılması və istifadə edilməsi əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş idarəedici elementlər mövcuddur.

Dialoqun birinci hissəsində yaradılmış arxivlərin adı və onların yaradılması tarixi əks olunur. Burada hər bir arxiv bir sətir yer tutur.

Dialoqun ikinci hissəsi "Arxivə" və "Arxivdən" adlı iki bölmədən ibarətdir. "Arxivə" bölməsində, proqramın aktiv bazasında olan məlumatların arxivləşdirilməsinə xidmət edən elementlər mövcuddur. Bu zaman "Diskə" və ya "Disketə" variantlarından birini seçməklə, muvafiq arxiv kompüterin bərk diskində və ya disketdə yaradıla bilər. "Diskə" variantı seçildikdə, yəni müvafiq arxiv kompüterin bərk yaddaşına yazıldıqda, "Arxivin adı" pəncərəsində yeni yaradılan arxivin adı daxil edilir.

"Disketə" variantı seçildikdə, yəni, proqramın aktiv bazasındakı məlumatlar disketə yazıldıqda, "Arxivin adı" pəncərəsi passiv vəziyyət alır və bu halda orada heç bir qeydiyyat aparılmır.

Arxivləşdirmənin müvafiq variantı müəyyən edildikdən sonra, "Başlamaq" düyməsi basılır və bununla da proqramın aktiv bazasında mövcud olan uçot informasiyalarının arxivləşdirilməsi prosesinin başlandığını göstərən "Arxivləşdirməyə başlamaq" adlı kiçik həcmli sorğu dialoqu açılır. Bu sorğuya "Hə" cavabı verildikdə, ekranda "Yerinə yetirilmə" adlı indikator açılır və orada proqramın aktiv məlumat bazasının arxivləşdirilməsi prosesinin gedişatı əks olunur.

Arxivdə olan məlumat bazasının proqramın aktiv bazasına çıxarılması (arxivin açılması) üçün "Arxivdən" bölməsindəki "Diskdən" və ya "Disketdən" düymələrindən biri basılmalıdır. Arxivdə olan məlumatları aktivləşdirmək üçün, əvvəlcə proqramın aktiv bazasındakı məlumatları arxivləşdirmək lazımdır. Əks halda, arxivdəki məlumatlar aktivləşdirildikdə, proqramın aktiv bazasında olan məlumatlar silinəcəkdir.