6.3. Işçilər haqqında məlumatların proqrama daxil edilməsi qaydaları
Əmək və onun ödənişi üzrə işçi heyətlə hesablaşma əməliyyatlarının aparılmasında, müəssisənin ştat quruluşunu formalaşdırdıqdan sonra, işçi heyət haqqında məlumatları proqrama daxil etmək lazımdır. Müəssisənin işçi heyəti haqqında məlumatları proqrama daxil etmək üçün əsas menyunun "Əməliyyat" bölməsindəki "Kadrlar" elementinə məxsus olan alt menyuda "Qeydiyyat" elementi seçilir və ya proqramın giriş vəziyyətində alətlər panelində soldan ikinci işarə ( "Qeydiyyat" işarəsi) canlandırılır. Bu zaman ekranda kadrlar və işçi heyət haqqında zəruri məlumatların əks olunduğu "Personal\ Qeydiyyat" dialoqu açılır. Bu dialoq aşağıda göstərilən 3 bölmədən ibarət olub, onlardan hər biri yuxarı hissədə görünən müvafiq yarlıq vasitəsi ilə açılır:
- Kadrlar;
- Əsas vəzifə;
- Əlavə vəzifə.

Dialoqun "Kadrlar" bölməsi müəssisənin işçi heyəti haqqında məlumat bazasının yaradılmasına xidmət edir. Burada dialoqun cədvəl hissəsində çoxsaylı işçilər və digər şəxslər haqqında məlumatlar daxil edilir. Bu bölmədə daxil edilmiş məlumatlar, dialoqun "Əsas vəzifə" bölməsində yeni sətir açmaq və orada hər hansı bir vəzifəyə işçi təyin etmək üçün məlumat bazası rolunu oynayır. "Kadrlar" bölməsində siyahıya yeni şəxslər haqqında məlumatlar daxil etmək, mövcud olanları dəyişdirmək, siyahıdan çıxarıb, arxivə göndərmək və siyahını çap etmək üçün müvafiq düymələr vardır. Siyahıya yeni şəxs barədə məlumatlar daxil etmək üçün "Yeni" düyməsini basmaq və bu zaman dialoqun yuxarı hissəsində açılan yuvalarda müvafiq məlumatları daxil edərək, "OK" düyməsini basmaq lazımdır.

"Personal\ Qeydiyyat" dialoqu "Kadrlar" bölməsinin yeni şəxs haqqında məlumatların daxil edilməsi üçün hazırlanmış formasının ekranda görünüşü şəkil 83-də verilmişdir.


Şəkil 83. "Personal\Qeydiyyat" dialoqunun ekranda görünüşü: dialoqun "Kadrlar" bölməsi yeni şəxs haqqında məlumatların daxil edilməsi üçün hazırlanmışdır.

Dialoqun "Əsas vəzifə" bölməsi proqramın "Ştat üzrə" bölməsində formalaşdırılmış müəssisənin ştat cədvəlində mövcud olan vakant vəzifələrə, bu dialoqun "Kadrlar" bölməsindəki kadrların sırasından seçilərək, işçilərin təyin edilməsi, onların vəzifədən azad edilməsi və yerdəyişməsi üçün nəzərdə tutulmuşdur. Ştat cədvəlində nəzərdə tutulmuş vakant vəzifələrə "Kadrlar" bölməsində formalaşdırılmış siyahıdan hər hansı bir kadr seçmək (təyin etmək) üçün dialoqun "Əsas vəzifə"bölməsində verilmiş "Yeni" düyməsini basaraq, onun yuxarı hissəsində açılan yuvalarda tələb oluunan məlumatları daxil etmək və "OK" düyməsini basmaq lazımdır.


Şəkil 84. "Personal\Qeydiyyat" dialoqunun ekranda görünüşü: dialoqun "Əsas vəzifə" bölməsində müəssisədə calışan 3 nəfər işçiyə aid məlumatlar daxil edilmişdir.

Dialoqun yuxarı hissəsində açılan yuvalarda seçilmiş şəxsin vəzifəyə təyin edilməsi tarixi, həmin vəzifəyə təyin edilmək haqqında əmrin nömrəsi, şəxsin adı və soyadı, vəzifəni xarakterizə edən göstəricilər (adı, şöbənin adı, vakant yerin sayı, aylıq vəzifə maaşının məbləği) və digər bəzi məlumatlar əks olunur. Bu zaman "Adı" yuvasında vəzifəyə təyin olunan şəxsin adı və soyadı bu dialoqun "Kadrlar" bölməsində yaradılmış məlumat bazasından, "Vəzifə" yuvasında əks olunan göstəricilər isə müəssisənin ştat cədvəlində yaradılmış məlumat bazasından seçlir. Bu yuvaların hər birinin sağ küncündəki üçbucaq işarəli düyməni basmaqla, müvafiq məlumat bazası açılır və oradan lazımi məlumatlar seçilir.

"Personal\Qeydiyyat" dialoqu "Əsas vəzifə" bölməsinin ekranda görünüşü şəkil 84-də verilmişdir. Burada əks olunan məlumatlardan göründüyü kimi, 01 oktyabr 2002-ci il tarixdə Babayev Natiq Səməd oğlu 27No-li əmr əsasında, aylıq vəzifə maaşı 1800000 manat olmaqla, direktor vəzifəsinə; Hüseynov Mübariz Şamil oğlu 28No-li əmr əsasında, aylıq vəzifə maaşı 1600000 manat olmaqla, direktor müavini vəzifəsinə; Süleymanov Səməd Məhəmməd oğlu 29No-li əmr əsasında, aylıq vəzifə maaşı 1500000 manat olmaqla, şöbə müdiri vəzifəsinə təyin edilmişdirlər.

Müəssisənin ştat cədvəli əks olunmuş "Personal\Ştat üzrə" dialoqunda göründüyü kimi (bax: Şəkil 81), ştat cədvəlinə daxil edilmiş 20 vəzifədən yuxarıda göstərilən 3 vəzifə tutulmuş, qalan 17 vəzifə isə vakantdır.

"Personal\Qeydiyyat" dialoqunun "Əlavə vəzifə" bölməsi həmin dialoqun "Əsas vəzifə" bölməsinə daxil edilmiş işçilərə ştat cədvəli üzrə vakant vəzifələrdən hər hansı birinin aparılmasını həvalə etmək üçün nəzərdə tutulmuşdur.

"Personal\Qeydiyyat" dialoqunda adları məlumat bazasına daxil edilmiş şəxslərə aid güzəştlər, eləcə də onların ailə üzvləri və iş vaxtı qrafiki haqqında məlumatlar, dialoqun yuxarı hissəsində verilən müvafiq işarələri canlandırmaqla, proqrama daxil edilə bilər.