6.2. Müəssisənin ştat cədvəlinin formalaşdırılması qaydaları
"Əmək haqqı" proqramında əmək və onun ödənişi üzrə əməliyyatların aparılması üçün, hər şeydən əvvəl, müəssisənin struktur bölmələrinə və orada çalışan işçilərin sayı və vəzifə tərkibinə uyğun ştat quruluşunu formalaşdırmaq zəruridir. Bunun üçün əsas menyunun "Əməliyyat" bölməsindəki "Kadrlar" elementindən istifadə olunur. Kursorun işarəsini "Kadrlar" elementinin üzərində saxladıqda, ekranda bu elementə məxsus olan, aşağıda göstərilən elementlərdən ibarət alt menyu açılır:
- Ştat üzrə;
- Qeydiyyat;
- Arxiv;
- Məlumat;

Müəssisənin ştat quruluşunu formalaşdırmaq üçün göstərilən alt menyuda "Ştat üzrə" elementini seçmək və ya proqramın giriş vəziyyətində, alətlər panelində soldan birinci işarəni ( "Ştat üzrə"işarəsini ) canlandırmaq lazımdır. Bu zaman ekranda müəssisənin ştat quruluşunu formalaşdırmaq üçün nəzərdə tutulmuş "Personal\Ştat üzrə" dialoqu açılır. Bu dialoq iki pəncərədən ibarət olub, onlardan sol tərəfkində müəssisənin struktur bölmələrinin adları, sağ tərəfkində isə müvafiq vəzifələrin adı və ştat vahidlərinin sayı daxil edilir.


Şəkil 81. "Personal\Ştat üzrə" dialoqunun ekranda görünüşü.

"Personal\Ştat üzrə" dialoqunun ekranda görünüşü şəkil 81-də verilmişdir. "Personal\Ştat üzrə" dialoqunda birinci növbədə müəssisənin struktur bölmələrinin adları daxil edilir. Bunun üçün kursorun işarəsini sol tərəfki pəncərədə saxlayaraq, F4 düyməsini basmaq və bu zaman açılan kiçik ölçülü "Personal\Ştat üzrə" dialoqunda "Yeni" düyməsini basaraq, dialoqun yuxarı hissəsində açılan "Ad" pəncərəsində şöbənin adını yazmaq və "OK" düyməsini basməq lazımdır. Bu zaman yeni yazılmış ad dialoqun cədvəl hissəsinə düşür. Bütün şöbələrin adları dialoqun cədvəl hissəsinə daxil edildikdən sonra, "Çıxış" düyməsi basılır və müəssisənin şöbələrinin adları "Personal\Şöbə üzrə" dialoqunda əks olunur. Həmin dialoqda yeni şöbə adları daxil etmək, daxil edilmiş şöbələrin adlarını dəyişmək və silmək üçün düymələr nəzərdə tutulmuşdur.

"Personal\Şöbə üzrə" dialoqunun görünüşü şəkil 82-də verilmişdir.


Şəkil 82. "Personal\Şöbə üzrə" dialoqunun ekranda görünüşü.

Müəssisənin şöbələrində mövcud olan vəzifələrin adlarını ştat cədvəlinə daxil etmək üçün "Personal\Ştat üzrə" dialoqundakı sol pəncərədə kursoru müvafiq şöbənin adı üzərində saxlayıb, dialoqun aşağı hissəsində yerləşən "Yeni" düyməsini basmaq lazımdır. Bunun nəticəsində ekranda kiçik ölçülü "Vəzifələr üzrə" dialoqu açılır. Bu dialoqda müəssisənin bütün şöbələrində mövcud olan vəzifələrin adları görünür. Burada yeni vəzifə adı daxil etmək üçün "Yeni" düyməsini basmaq, bu zaman açılan "Ad"yuvasında vəzifənin adını yazmaq və "OK" düyməsini basmaq lazımdır. Bütün vəzifə adları dialoqun cədvəl hissəsinə düşdükdən sonra, "Çıxış" düyməsini basmaq lazımdır. Bundan sonra müəssisədə mövcud olan vəzifələrin adları "Vəzifələr üzrə" dialoqunda əks olunacaqdır. Hər hansı bir vəzifənin adını dəyişmək və ya onu silmək üçün dialoqda müvafiq düymələr mövcuddur.

"Vəzifələr üzrə" dialoqunda əks olunmuş hər hansı bir vəzifənin adını ştat cədvəlinə daxil etmək üçün kursoru həmin vəzifənin adı üzərində saxlayıb, "OK" düyməsini basmaq, və ya dəstəyin sol düyməsini iki dəfə dalbadal sıxmaq lazımdır. Bu zaman həmin vəzifənin adı "Personal\Ştat üzrə" dialoqunun sağ pəncərəsinə düşür, ştat vahidinin sayının isə sıfra bərabər olduğu görünür. Seçilmiş hər hansı bir şöbədəki bütün vəzifələrin adları dialoqun sağ pəncərəsinə daxil edildikdən sonra, hər bir vəzifə üzrə ştat vahidlərinin sayı və hər bir ştat vahidi üzrə aylıq vəzifə maaşının məbləği müəyyən edilir. Bunun üçün kursoru dialoqun sağ pəncərəsində müvafiq vəzifənin adı yazılmış sətir üzərində saxlayıb, dəstəyin sol düyməsini iki dəfə dalbadal basmaq lazımdır. Bu zaman ekranda "Personal\Ştat üzrə" dialoqunun yalnız həmin seçilmiş vəzifəyə aid olan yeni forması açılır. Burada dialoqun yuxarı passiv sətrində şöbənin və vəzifənin adları əks olunur. Vəzifə üzrə ştat vahidini və aylıq vəzifə maaşı məbləğini daxil etmək üçün dialoqun aşağı hissəsindəki "Yeni" düyməsini basmaq və bu zaman yuxarı hissədə açılan "Ştat vahidi"və "Oklad" yuvalarında ardıcıl şəkildə həmin vəzifə üçün müəyyən olunmuş ştat və hər bir ştat vahidi üzrə aylıq vəzifə maaşı məbləğini daxil etmək, maaş məbləğinə aid valyuta növünü seçərək, "OK"düyməsini basmaq lazımdır. Bu zaman həmin vəzifə üzrə müəyyən edilmiş vakant ştat vahidləri və onlar üzrə aylıq vəzifə maaşı məbləğləri haqqında məlumatlar dialoqun cədvəl hissəsində əks olunur. Daha sonra "Çıxış" düyməsi basılaraq, həmin vəzifə üzrə məlumatların əks olunduğu dialoqa qayıdılır. Dialoqun bu formasında həmin vəzifəyə aid olan hər hansı bir iş yerini ixtisar etmək və ya dəyişmək imkanları da mövcuddur. Seçilmiş vəzifə üzrə bütün ştat vahidləri və onların aylıq vəzifə maaşı məbləğləri daxil edildikdən sonra, dialoqun aşağı hissəsində yerləşən "Çıxış" düyməsini basaraq, "Personal\Ştat üzrə" dialoqunun ilk formasına qayıdılır. Artıq bu dialoqun sağ pəncərəsində həmin vəzifə üzrə ştat vahidlərinin sayı və buna bərabər sayda vakant iş yerlərinin olduğu barədə məlumatlar əks olunur. Bu qayda ilə bütün vəzifələr üzrə ştat vahidləri və aylıq vəzifə maaşı məbləğləri proqrama daxil edilir.