5.2. Mal və taraların analitik uçotu xüsusiyyətləri
Proqramda mal və taraların analitik uçotu əsas menyuda verilmiş "Hesabat" elementindən istifadə etməklə aparılır. Bu element mal və taraların hərəkətinə, mal qalıqlarına və mal satışından alınan gəlir və ziyana dair hesabat xarakterli cədvəllərin tərtib olunmasına xidmət edir. Əsas menyunun bu elementini seçdikdə, ekranda aşağıda göstərilən elementlərdən ibarət olan ail menyu açılır:
-Hərəkəti;
-Qalıq;
-Gəlir;
-Məlumat.

Alt menyuda "Hərəkəti" elementini seçdikdə ekranda mal və taraların mədaxili, məxarici, eləcə də dövrün əvvəli və sonuna qalıqları həm miqdar, həm də məbləğ ifadəsində əks olunan cədvəlin tərtib edilməsi üçün nəzərdə tutulmuş "Hərəkəti" dialoqu açılır. Hər hansı bir dövrə aid mal və taraların hərəkətinə dair cədvəl tərtib etmək üçün bu dialoqun müvafiq xanalarında hesabat dövrünü tənzimləmək və "OK" düyməsini basmaq lazımdır. Müəssisə üzrə bütövlükdə mal və taraların hərəkətinə dair cədvəl tərtib etmək üçün dialoqda "Debitor/Kreditor" və "Malın adı" xanaları ağ saxlanır, əks təqdirdə, yəni hər hansı bir malsatan və ya malalanla əlaqədar olan mallar, eləcə də hər hansı bir seçilmiş mal üzrə məlumat almaq üçün həmin xanalarda müvafiq tənzimləmə işi aparılmalıdır.


Şəkil 76. Malların mədaxili, məxarici və mal qalıqları üzrə miqdar-məbləğ göstəricilərinin formalaşdırıldığı və əks olnduğu "Hərəkəti" dialoqunun (ikinci formada) ekranda görünüşü: dialoqun sol pəncərəsində mal qruplarının təsnifləndirilməsi, sağ pəncərəsində isə seçilmiş qruplar üzrə malların hərəkətinə dair cədvəl əks olunmuşdur.

Müvafiq tənzimləmə işi aparıldıqdan sonra, "OK" düyməsi basılır və bunun nəticəsində ekranda mal qruplarının təsnifləşdirilməsi və malların hərəkətinə dair cədvəl əks olunan ikinci "Hərəkəti" dialoqu açılır. Dialoqun ikinci formada görünüşü şəkil 76-da verilmişdir.

Dialoqun sol pəncərəsində verilən mal qruplarının təsnifləşdirilməsi, malların adı, ölçü vahidi və təsnifatı əks olunan məlumat bazasını açmaqla formalaşdırılır. Bu məlumat bazası "Hərəkəti" dialoqunda (birinci formada) verilmiş "Malın adı" xanasının sağ küncündə yerləşən üç nöqtəi düyməni basmaqla açılır. Həmin məlumat bazası "Mallar" adlı dialoqda yerləşir. Dialoqun sol pəncərəsində mal qruplarının təsnifatı, sağ pəncərəsində isə seçilmiş hər hansı bir qrupa aid malların adı və ölçü vahidi verilir. Məlumat bazasına hər hansı bir malın adı və ölçü vahidini daxil etmək üçün sol pəncərədə həmin mala aid qrupu seçmək və kursoru sağ pəncərəyə keçirərək, dialoqun yuxarı hissəsində alətlər panelindəki "Yeni" (ağ vərəqə formasında) işarəsini seçmək lazımdır. Bu zaman ekranda "Malın qeydiyyatı" adlı kiçik ölüçülü dialoq açılır və orada malın adı klaviaturadan daxil edilir, ölçü vahidi isə müvafiq məlumat bazasından seçilir. Daha sonra "OK" düyməsini basmaqla, yeni yazılmış sətir "Mallar" dialoqunun cədvəl hissəsinə əlavə edilir.


Şəkil 77. Hər hansı bir verilmiş tarixə mal qalıqları üzrə miqdar-məbləğ göstəricilərinin formalaşdırıldığı və əks olnduğu "Qalıq" dialoqunun (ikinci formada) ekranda görünüşü: dialoqun sol pəncərəsində mal qruplarının təsnifləndirilməsi, sağ pəncərəsində isə seçilmiş qruplar üzrə verilmiş tarixə mal qalıqlarına dair cədvəl əks olunmuşdur.

Əgər mal qruplarının təsnifatına yeni bir qrup əlavə etmək lazım gələrsə, onda kursoru yeni daxil ediləcək qrupdan bir pillə yüksək qrupun üzərində saxlayıb, "Yeni" işarəsini seçmək lazımdır. Bu zaman təsnifatda yeni qrup yaranır, lakin onun adı mal qrupuna uyğun gəlmir. Ona görə də alətlər panelində "Dəyişmək" işarəsini seçməklə, yeni yaranmış qrupa müvafiq ad verilir. Daha sonra "OK" düyməsini basaraq, dialoqu bağlamaq lazımdır.

Qeyd etmək lazımdır ki, "Hesabat" bölməsidəki dialoqlarda malların təsnifatı əks olunan pəncərəni açıb-bağlamaq üçün dialoqun alətlər panelindəki "Budaqlanma" işarəsini seçmək lazımdır.

Proqramda mal qalıqları haqqında miqdar-məbləğ göstəriciləri üzrə məlumat almaq üçün "Hesabat" bölməsində verilmiş "Qalıq" elementini seçmək lazımdır. Bu zaman ekranda hər hansı bir tarixə mal qalıqları haqqında dialoq formalaşdırmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü "Qalıq" dialoqu açılır. Burada tarixi, malsatan və ya malalanın adını və malın adını tənzimləmək üçün xanalar mövcuddur. Müvafiq tənzimləmə apardıqdan sonra, "OK" düyməsini basmaqla, seçilmiş mal qrupları üzrə müvafiq tarixə mal qalıqları və mal qruplarının təsnifatı əks olunan ikinci "Qalıq" dialoqu açılır. Bu dialoqun ekranda görünüşü şəkil 77-də verilmişdir. Mal qalıqlarının formalaşdırılması prinsipləri bundan əvvəl göstərilən dialoqa oxşar olduğu üçün onları burada ətraflı şərh etməyə ehtiyac yoxdur.


Şəkil 78. "Gəlir" dialoqunun (ikinci formada) ekranda görünüşü: dialoqun sol pəncərəsində mal qruplarının təsniflatı, sağ pəncərəsində isə seçilmiş qruplar üzrə malların satışı və satışın nəticələrinə dair cədvəl əks olunmuşdur.

Qeyd etmək lazımdır ki, müəssisədə hər hansı bir tarixə qalıq haqqında cədvəldən müxtəlif məqsədlərlə istifadə oluna bilər. Mal satışının tənzimlənməsi, mal tədarükü haqqında qərarların qəbul edilməsi, inventarizasiyaların aparılması və digər bu kimi idarəetmə məsələlərində belə məlumatlardan daha çox istifadə olunması lazım gəlir. Ona görə də mal qalıqları haqqında məlumatların əks olunduğu cədvəllərin vaxtaşırı çap edilərək, mühasibat-idarəetmə uçotu sənədlərinə əlavə edilməsi məqsədəuyğündür. Belə cədvəli çap etmək üçün "Qalıq" dialoqundakı (ikinci formada) alətlər panelində "Lupa" işarəsini seçmək, cədvəli nəzərdən keçirərək, printerə ötürmək lazımdır.

Proqramda malların satışı və satışdan əldə olunan gəlir və ya ziyan haqqında məlumat almaq üçün "Hesabat" bölməsindəki, "Gəlir" elementini seçmək lazımdır. Bu zaman ekranda mal satışı haqqında formalaşdırılacaq məlumatların parametrlərini tənzimləmək üçün nəzərdə tutulmuş "Gəlir" dialoqu (birinci formada) açılır.


Şəkil 79. "Məlumat" dialoqunun (ikinci formada) ekranda görünüşü: dialoqun sol pəncərəsində mal qruplarının təsniflatı, sağ pəncərəsində isə seçilmiş qruplar üzrə malların mədaxili və məxaricinə dair ümumi məlumatlar əks olunmuşdur.

Bu dialoqda hesabat dövrünü, məxaric sənədinin nömrəsini, maddi-məsul şəxsi, malsatan-malalanı və malın adını seçmək üçün xanalar mövcuddur. Burada lazımi tənzimləmə işi aparıldıqdan sonra, "OK" düyməsini basmaqla, ekranda seçilmiş maddi-məsul şəxs üzrə verilmiş hesabat dövrünə aid mal satışı və satışın nəticələri (gəlir və ya zərər) haqqında məlumatların əks olunduğu ikinci "Gəlir" dialoqu açılır. Bu dialoq iki hissədən ibarət olub, sol pəncərəsində mal qruplarının təsnifatı, sağ pəncərəsində isə ayrı-ayrı mallar üzrə alış, satış, gəlir və ziyan haqqında məlumatlar əks olunan cədvəl görünür.

"Gəlir" dialoqunun ekranda görünüşü şəkil 78-də verilmişdir.

"Hesabat" bölməsindəki "Məlumat" elementini seçdikdə, ekranda mal və taraların mədaxili və məxarici haqqında ümumi məlumatların formalaşdırılmasına xidmət göstərən eyniadlı dialoq açılır. Bu dialoqun birinci formasında əks olunacaq məlumatların parametrlərini daxil etmək üçün müvafiq xanalar verilmişdir. Bu xanalarda tənzimlənmə prosesini apardıqdan sonra, "OK" düyməsini basdıqda, ekranda "Məlumat" dialoqunun ikinci forması açılır. Həmin dialoqun ekranda görünüşü şəkil 79-da verilmişdir.