2.3. Əsas vəsaitlər üzrə əməliyyatların aparılması
Müəssisədə əsas vəsaitlər üzrə baş vermiş təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və onların analitik uçotunun aparılması üçün "Əsas vəsaitlər" elementindən istifadə edilir. Proqramın əsas menyusunun "Əməliyyat" bölməsində yerləşən "Əsas vəsaitlər" elementi müəssisədə əsas vəsaitlərin daxil olması, istismarı, məxarici, yerdəyişməsi, onlara amortizasiya hesablanması və yenidən qiymətləndirilmsi üzrə təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və müvafiq hesabatların tərtib edilməsinə xdmət edir. "Əsas vəsaitlər" elementini seçərkən, ekranda aşağıda göstərilən elementlərdən ibarət olan alt menyu açılır:
-Mədaxil;
-Istismara;
-Məxaric;
-Yerdəyişmə;
-Köhnəlmə norması;
-Yenidən qiymətləndirmə;
-Hesabat.

Göstərilən elementlərin hər biri öz məzmununa uyğun əməliyyatların yerinə yetirilməsinə xidmət edir. Əsas vəsaitlərin müəssisəyə mədaxili əməliyyatları "Mədaxil" elementini seçməklə aparılır. Bu zaman ekranda aşağıda göstərilən iki elementdən ibarət yeni alt menyu açılır:
-Anbar;
-Ilkin qalıq.

Əsas vəsaitlərin mədaxili üzrə əsas əməliyyatlar "Anbar" elementi vasitəsi ilə aparılır. Bu elementi aktivləşdirdikdə, ekranda eyniadlı dialoq açılır. Bu dialoqda hesabat dövründə müəssisəyə mədaxil edilmiş əsas vəsaitlər ayrı-ayrı mədaxil sənədləri üzrə əks olunur. Burada mədaxil sənədinin nömrəsi və tarixi, əsas vəsaitin alındığı debitor-kreditor müəssisənin (və ya fiziki şəxsin) adı, alınmış əsas vəsaitin kimin öhdəsinə qəbul edildiyi və məbləği əks olunan cədvəl verilir.

"Anbar" dialoqunda əsas vəsaitlərin mədaxili üzrə təsərrüfat əməliyyatları 3 mərhələdə əks olunur. Dialoqun birinci mərhələsində hər bir mədaxil əməliyyatı müvafiq sənəd növləri və tarixlər üzrə bir sətirdə əks olunur. Həmin dialoqun cədvəl hissəsində dəstəyin işarəsi əl forması alır. Bu hal onu göstərir ki, dialoqda daxil edilmiş hər bir sətrin arxasında həmin sətirdə göstərilən əsas vəsaitlərin tərkib hissələrini əks etdirən ikinci mərhələ dialoqu yerləşir. Həmin dialoqu açmaq üçün kursoru və dəstəyin işarəsini birinci mərhələ dialoqunda müvafiq sətrin üzərinə gətirib, dəstəyin sol düyməsini 2 dəfə dalbadal basmaq lazımdır.

Bu zaman ekranda seçilmiş əsas vəsaitin tərkib hissəsinin siyahısından ibarət ikinci dialoq açılır. Bu dialoqun yuxarı hissəsində birinci dialoqda seçilmiş sətrin bəzi parametrləri ("SənədNo", "Tarix", "Debitor/Kreditor" və "Kimə" sütunları üzrə), aşağı hissəsində isə əsas vəsaitin tərkib hissələrinin adı, miqdarı və məbləği əks olunan cədvəl yerləşir.


Şəkil 29. "Anbar" dialoqunun ekranda birinci görünüşü: dialoqun birinci mərhələsində hesabat dövründə əsas vəsaitlərin hər bir mədaxili əməliyyatı müvafiq sənəd nömrələri və tarixlər üzrə ayrı-ayrı sətirlərdə əks olunur.

Birinci dialoqda olduğu kimi, ikinci dialoqun da cədvəl hissəsində dəstəyin işarəsi əl forması alır. Burada isə hər bir sətrin arxasında həmin sətirdə verilmiş əşyanın inventar nömrəsi və qiymətindən ibarət cədvəl əks olunan üçüncü dialoq açılır. Bu dialoqun yuxarı hissəsində əşyanın inventar nömrəsini dəyişməyə imkan verən işarə verilmişdir.

"Anbar" dialoqunun birinci forması şəkil 29-da, ikinci və üçüncü formaları isə birlikdə şəkil 30-da əks olunmuşdur.

Dialoqun birinci və ikinci formalarında aşağıda verilən düymələrin köməkliyi ilə dialoqda yeni əsas vəsait (və ya onun tərkib hissəsi) daxil etmək, mövcud olanları dəyişmək, siyahıdan silərək ləğv etmək, əsas vəsaitlərin siyahısını və ya onların mədaxilini əks etdirən qaiməni çap etmək və proqramın giriş vəziyyətinə qayıtmaq mümkündür.


Şəkil 30. "Anbar" dialoqunun ekranda ikinci görünüşü: burada dialoqun ikinci və üçüncü mərhələləri bir şəkildə olmaqla, passiv pəncərədə ikinci, aktiv pəncərədə isə üçüncü mərhələ əks olunmuşdur.

Dialoqun üçüncü mərhələsində heç bir düymə yoxdur və o, yuxarı hissədə verilən işarələr vasiəsilə idarə olunur.

Proqramda yeni əsas vəsait mədaxil etmək üçün "Anbar" dialoqunun birinci mərhələsində "Yeni" düyməsini basaraq, bu zaman dialoqun yuxarı hisəsində açılan xanalarda mədaxil sənədinin nömrəsi, tarixi, əsas vəsaitin alındığı müəssisənin adı, əsas vəsaitin mədaxil olunduğu maddi-məsul şəxsin adı və soyadı, əsas vəsaitin adı, miqdarı və mədxil məbləği qeyd olunur. Burada mədaxil edilən əsas vəsaitin sənəd nömrəsi, tarixi və miqdarı müvafiq xanalara adi qaydada, debitor-kreditor müəssisənin adı, maddi-məsul şəxs və əsas vəsaitin adı isə müvafiq məlumat bazalarıdan seçilməklə qeyd edilir. Müvafiq məlumat bazasını açmaq üçün həmin xananın aktiv vəziyyətində F4 funksional düyməsini basmaq lazımdır. Əslində F4 funksional düyməsi müvafiq məlumat bazasına yeni məlumat daxil etmək zərurəti yarandıqda, yəni proqramın məlumat bazasında olmayan müəssisə, maddi-məsul şəxs və ya əsas vəsait adı daxil etmək lazım gəldikdə istifadə olunur. Digər hallarda müvafiq xananın sağ küncündəki üçbucaq işarəli düyməni basaraq, müvafiq pəncərə açılır və oradan müəssisənin, maddi-məsul şəxsin və ya əsas vəsaitin adı seçilir.

Hər hansı bir müəssisədən yeni alınmış əsas vəsait daxil edilərkən, sənəd nömrəsi, tarix, müəssisənin adı, maddi-məsul şəxs, mədaxil sənədinin birinci sətrindəki əsas vəsaitin adı və miqdarı birinci dialoqda müvafiq xanalara daxil edildikdən sonra, orada verilən "OK" düyməsi basılır. Bu zaman ekranda həmin əsas vəsaitə inventar nömrəsi vermək və onun alış qiymətini göstərmək üçün nəzərdə tutulmuş dialoq açılır. Bu dialoqda müvafiq inventar nömrəsi və alış qiyməti yazıldıqdan sonra, onun aşağı hissəsində yerləşən "OK" düyməsi basılır. Bu zaman mədaxil ediləcək birinci əsas vəsaitin adı, miqdarı və məbləği əks olunan ikinci dialoq açılır. Ikinci dialoqun yuxarı hissəsindəki xanalarda mədaxil sənədinin ikinci sətrindəki əsas vəsaitin adı və miqdarı yazıldıqdan sonra, yenidən "OK" düyməsi basılır, açılan dialoqda müvafiq inventar nömrələri və alış qiymətləri yazılaraq, oradakı "OK" düyəmsi basılır və bu qayda ilə mədaxil qaiməsində əks olunacaq üçüncü, dördüncü, beşinci və s. əsas vəsaitlərin adı, miqdarı, inventar nömrəsi və alış qiyməti daxil edilir və sonda ikinci dialoqdakı "Çıxış" düyməsi basılır. Bu zaman ikinci "Anbar" dialoqu aktiv vəziyyətdən passiv vəziyyətə keçir. Əgər nə vaxtsa onu yenidən aktivləşdirmək lazım gələrsə, onda "Dəyişmək" düyməsini basmaq lazımdır.

Ikinci "Anbar" dialoqunda "Çıxış" düyməsini basmaqla, birinci "Anbar" dialoquna qayıdılır. Artıq birinci dialoqda açılmış sətirdə mədaxil sənədinin nömrəsi, tarixi, müəssisənin adı, maddi-məsul şəxsin adı və əsas vəsaitin məbləği əks olunur.

"Anbar" dialoqunda həm cədvəldə əks olunan siyahını, həm də ayrı-ayrı sətirlər üzrə əsas vəsaitlərin mədaxil qaiməsini çap etmək olar. Dialoqun aşağısında yerləşən "Çap" düymsini aktivləşdirərkən, iki elementdən ("Siyahı" və "Qaimə") ibarət alt menyu açılır. Dialoqda əks olunan cədvəli çap etmək üçün cədvəlin bütün sətirlərini qeyd etmək və alt menyuda "Siyahı" elementini secmək lazımdır. Dialoqda göstərilən hər hansı bir səitrdə əks olunmuş əsas vəsaitlərin mədaxili əməliyyatına aid qaimə çap etmək üçün kursoru həmin sətrin üzərinə gətiib, "Çap" alt menyusunda "Qaimə" elementini seçmək lazıdır.

Əsas vəsaitlər üzrə ilk qalığın proqrama daxil edilməsi prosesi mədaxil prosesinə oxşar qaydalar üzrə aparılır. Bu zaman "Mədaxil" elementinə məxsus alt menyuda "Ilkin qalıq" elementi seçilərək, ekranda eyniadlı dialoq açılır və digər əməliyyatlar oxşar prinsiplərlə aparılır.

Qeyd etmək lazımdır ki, həm əsas vəsaitlərin mədaxili, həm də ilk qalıqların daxil edilməsi üzrə təsərrüfat əməliyyatları onların əks olunduğu sənədin nömrəsi, tarixi və məbləği göstərilməklə, memorial orderə klaviatura vasitəsi ilə daxil edilir.

"Əsas vəsaitlər" elementinə məxsus olan alt menyudakı "Istismara" elementi müəssisənin anbarına mədaxil edilmiş əsas vəsaitlərin istismara verilməsi əməliyyatlarını sənədləşdirmək və bu barədə müvafiq məlumat bazası yaratmaq üçün nəzərdə tutulmuşdur. Bu elementi aktivləşdirdikdə, ekranda "Istismar" adlı dialoq açılır. Bu dialoqda da əsas vəsaitlər birincidə onlarin istismara verildiyi sənəd üzrə ümumi şəkildə, ikincidə həmin sənədə daxil olan konkret əsas vəsaitlər, üçüncüdə isə ayrı-ayrı əsas vəsaitlərin inventar nömrələri və hesabat qiyməti olmaqla, üç mərhələdə əks olunur.

Anbarda olan əsas vəsaitlərin istismara buraxılması haqqında sənəd hazırlamaq üçün "Istismar" dialoqunun (birinci mərhələ) aşağısındakı "Yeni" düyməsini basmaq və bu zaman ekranda açılan ikinci dialoqda, yuxarı hissədə verilmiş xanalarda zəruri məlumatları daxil etmək lazımdır. Bu xanalarda əsas vəsaitlərin istismara buraxılması haqqında sənədin nömrəsi, tarixi və miqdar əks olunan xanalar klaviatura vasitəsilə, "Hərəkəti", "Kimə" və "Ad" xanaları isə onların sağ tərəfindəki üçbucaq işarəli düyməni basmaqla açılan məlumat bazasından istifadə etməklə qeyd edilir. Qeyd etmək lazımdır ki, məlumat bazaları müvafiq xanaları aktivləşdirərək, F4 funksional düyməsini basmaqla da açıla bilər. "SənədNo" və "Tarix" xanaları doldurulduqdan sonra, "Hərəkəti" xanasında "Müəssisədaxili" və ya "Qısamüddətli icarə" variantlarından biri seçilir və daha sonra müəssisənin maddi-məsul şəxslərinin siyahısından ("Personal" məlumat bazasından) əsas vəsaitin kimin öhdəsində istismara veriləcəyini göstərən ad-soyad seçilir. Növbəti xanaya məxsus məlumat bazası açıldıqda, orada anbarda mövcud olan əsas vəsaitlərin adları və miqdarından ibarət siyahı görünür.

Bu siyahıdan istismara verilən əsas vəsait seçilir. Belə tənzimləmə hərəkətləri aparıldıqdan sonra, "Miqdar" xanasının sağ küncündəki üzərində 3 nöqtə olan düymə basılır və bu zaman ekranda istismara verilmək üçün seçilmiş adda olan əsas vəsaitlərin invetar nömrələri, qalıq qiymətləri və amortizasiya hesablanıb-hesablanmaması haqqında işarə əks olunan üçüncü dialoq açılır.

Burada istismara veriləcək əsas vəsait inventar nömrəsi üzrə seçilir və "OK" düyməsi basılır. Bunun nəticəsində üçüncü dialoq bağlanır və istismara verilmək üçün seçilmiş əsas vəsaitin miqdarı "Miqdar" xanasında görünür. Daha sonra ikinci dialoqdakı "OK" düyməsi basılır və əsas vəsaitin adı, miqdarı və hesabat dəyəri ikinci dialoqun cədvəl hissəsində görünür. Bu qayda ilə ikinci və üçüncü dialoqların köməyi ilə həmin sənəd üzrə istismara veriləcək digər əsas vəsaitlər də seçilərək, ikinci dialoqun cədvəl hissəsinə salınır.

25.10.2002-ci il tarixli, 234No-li sənəd üzrə Aslanov Ilqar Ismət oğlunun maddi-məsuliyyətində olmaqla, istismara veriləcək əsas vəsaitlərin göründüyü ikinci "Istismar" dialoqu şəkil 31-də əks olunmuşdur.


Şəkil 31. "Istismar" dialoqunun ekranda ikinci görünüşü: dialoqda 25.10.2002 tarixli, 234No-li sənəd üzrə Aslanov Ilqar Ismət oğlunun maddi-məsuliyyətində olmaqla, istismara veriləcək əsas vəsaitlərin adı,miqdarı və hesabat dəyəri əks olunmuşdur.

Ikinci dialoqun bu vəziyyətində "Çıxış" düyməsi basılır və bu zaman sənədin nömrəsi, tarixi, maddi-məsul şəxsin adı, soyadı və ümumi məbləğ əks olunan birinci "Istismar" dialoqu açılır. Bu dialoqun ekranda, yuxarıda bəhs edilən yeni sənəd daxil edildikdən sonrakı görünüşü şəkil 32-də verilmişdir.

Proqramda istismara verilmiş əsas vəsaitlərə dair sənədlərin ümumi göstəricilərinin siyahısı və seçilmiş hər hansı bir sənəd çap edilə bilər. Bunun üçün "Çap" düyməsini aktivləşdirərkən, açılmış kiçik alt menyuda "Siyahı" və ya "Qaimə" elementi seçilməlidir.

Əsas vəsaitlərin məxarici üzrə əməliyyatlar "Əsas vəsaitlər" elementinə məxsus alt menyuda "Məxaric" elementini seçməklə açılan ikincidərəcəli alt menyu vasitəsi ilə aparılır. Bu alt menyuda aşağıda göstərilən 3 element vardır:
-Silinmə;
-Satış;
-Uzunmüddətli icarə.

Bu elementlərin hər biri əsas vəsaitlərin uyğun istiqamətdə məxarici (silinmə, satış və uzunmüddətli icarə) əməliyyatlarının aparılmasına xidmət göstərir.


Şəkil 32. "Istismar" dialoqunun ekranda birinci görünüşü: dialoqda əsas vəsaitlərin istismara verilməsi haqqında tərtib edilmiş 25.10.2002 tarixli, 234No-li sənədin ümumi göstəriciləri əks olunmuşdur.

Əsas vəsaitlərin silinməsi əməliyyatları eyniadlı element vasitəsi ilə açılan "Silinmə dialoqu" vasitəsi ilə aparılır. Əsas vəaitlərə aid olan digər dialoqlar kimi, "Silinmə" dialoqu da üç mərhələdə fəaliyyət göstərir. Birinci dialoqda əsas vəsaitlərin silinməsi sənədələrinin ümumi göstəriciləri, ikincidə silinən əsas vəsaitlərin adı, miqdarı və qalıq dəyəri, üçüncüdə isə inventar nömrələri və qalıq qiymətləri göstərilir.

"Silinmə" dialoqunun ikinci və üçüncü mərhələdəki formaları şəkil 33-də birlikdə əks olunmuşdur.

Müəssisədə istismar müddətini başa çatdırmış və yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi üçün "Silinmə" dialoqunun birinci formasında "Yeni" düyməsini basamq və dialoqun yuxarı hissəsində verilən xanaları dolduraraq, "OK" düyməsini basmaqla, dialoqun cədvəl hissəsini formalaşdırmaq lazımdır.


Şəkil 33. "Silinmə" dialoqunun ekranda görünüşü: burada dialoqun ikinci və üçüncü mərhələləri bir şəkildə olmaqla, passiv pəncərədə ikinci, aktiv pəncərədə isə üçüncü mərhələ əks olunmuşdur.

Daha sonra "Çap" düyməsinin köməkliyi ilə açılan kiçik alt menyuda müvafiq elementi seçməklə, əsas vəsaitlərin silinməsi haqqında sənədlərin ümumi göstəriciləri əks olunan siyahını, əsas vəsaitlərin adı, miqdarı və qalıq dəyəri əks olunan sənədi çap etmək mümkündür.

Əsas vəsaitlərin satışı əməliyyatları eyniadlı element vasitəsi ilə açılan "Satış" dialoqu vasitəsi ilə sənədləşdirilir. Əvvəlki dialoqlar kimi bu dialoq da üç mərhələdən ibarətdir. Dialoqun birinci mərhələsində satış əməliyyatları əks etdirilən sənədlərin ümumi göstəriciləri, ikinci mərhələsində ayrı-ayrı sənədlər üzrə əsas vəsaitlərin adı, miqdarı, qalıq dəyəri, satış məbləği və satışdan əldə edilmiş mənfəət və ya zərərin məbləği göstərilən cədvəl, üçüncü mərhələsində isə seçilmiş hər bir əsas vəsaitin inventar nömrəsi, qalıq qiyməti, satış qiyməti və onlar arasındakı fərq məbləği əks olunur.

Əsas vəsaitlərin satışı üzrə yeni sənəd tərtib etmək üçün "Satış" dialoqunun birinci formasında "Yeni" düyməsini basmaq, dialoqun yuxarı hissəsində açılan xanalarda müvafiq məlumatları qeyd edərək, "Silinmə" dialoqunda olan qaydalar kimi, dialoqun cədvəl hissəsini formalaşdırmaq lazımdır. Burada fərqli cəhət ondadır ki, dialoqun üçüncü mərhələsində satış üçün seçilmiş əsas vəsaitin satış qiymətini müəyyən etmək lazımdır.


Şəkil 34. "Satış" dialoqunun ekranda birinci görünüşü: dialoqda əsas vəsaitlərin satışı haqqında tərtib edilmiş 25.10.2002 tarixli, 71No-li sənədin ümumi göstəriciləri əks olunmuşdur.

"Satış" dialoqunun ekranda birinci mərhələ görünüşü şəkil 34-də verilmişdir. Burada "Asiman" ATSC üzrə əsas vəsaitlərin satışına dair sənədin ümumi göstəriciləri öz əksini tapmışdır. Göründüyü kimi 25.10.2002-ci il tarixli, 71 saylı həmin sənəddə "Edelveys" kiçik müəssisəsinə 5000000 manat məbləğdə (satış qiyməti ilə) əsas vəsait satılması əks olunur. Dəstəyin işarəsini həmin sənədin göstəriciləri yazılmış sətir üzərinə gətirib, düyməni 2 dəfə dalbadal basdıqda, ekranda həmin sənədə daxil olan əsas vəsaitlərin adı və müvafiq göstəricilər: miqdar, qalıq dəyəri, satış məbləği, mənfəət və zərər əks olunan ikinci dialoq açılır. Bu dialoq şəkil 35-də verilmişdir.

Əsas vəsaitlərin uzunmüddətli icarəyə verilməsi uzrə əməliyyatlar "Məxaric" elementinə məxsus alt menyuda "Uzunmüddətli icarə" elementini seçməklə açılan eyniadlı dialoq vasitəsi ilə sənədləşdirilir. Bu dialoqun məzmunu və forması bundan əvvəl şərh edilən "Satış" dialoqu ilə eyni olduğu üçün əlavə olaraq, şərh edilməsinə ehtiyac yoxdur.

Əsas vəsaitdərin müəssisə daxilində yerdəyişməsi (bir maddi-məsul şəxsdən digərinə verilməsi) əməliyyatları "Əsas vəsaitlər" elementinə məxsus olan "Yerdəyişmə" elementi vasitəsi ilə açılan eyniadlı dialoqdan istifadə etməklə sənədləşdirilir. Bu dialoq iki mərhələdə fəaliyyət göstərib, birincidə əsas vəsaitlərin yerdəyişməsinə aid sənədin ümumi göstəriciləri, ikincidə isə bu sənədə daxil edilmiş əsas vəsaitlərin göstəriciləri əks olunur. Budada və müvafiq qaimədə əsas vəsaitlərin yalnız adı və miqdarı göstərilir, qiymət və məbləğ göstəricilərindən istifadə olunmur.


Şəkil 35. "Satış" dialoqunun ekranda ikinci görünüşü: dialoqda əsas vəsaitlərin satışı haqqında tərtib edilmiş 25.10.2002 tarixli, 71No-li sənəd üzrə satılacaq əsas vəsaitlərin adı,miqdarı, qalıq dəyəri, satış məbləği və satışın nəticələri (mənfəət və ya zərər) əks olunmuşdur.

Əsas vəsaitlərin yerdəyişməsinə dair qaimə tərtib etmək üçün "Yerdəyişmə" dialoqunun birinci görünüşündə "Yeni" düyməsini basmaq və bunun nəticəsində dialoqun yuxarısında açılan xanalarda sənəd nömrəsi və tarixini daxil etmək, əsas vəsaitlərin hərəkəti növünü, kimə veriləcəyini və adlarını, müvafiq xanaların sağ tərəfindəki üçbucaq işarəli düyməni basmaqla açılan məlumat bazasından seçərək, "Miqdar" xanasında verilən "3 nöqtə" işarəli düyməni basmaq və bu zaman açılan seçilmiş əsas vəsaitlərin inventar nömrələrindən ibarət kiçik dialoqda konkret inventar nömrəsini seçmək və əvvəlcə kiçik dialoqda, sonra isə ikinci "Yerdəyişmə" dialoqunda "OK" düyməsini basmaq lazımdır.


Şəkil 36. "Yerdəyişmə" dialoqunun ekranda ikinci görünüşü: dialoqda əsas vəsaitlərin inventar nömrələri görünən digər kiçik dialoq açılmış və bu üsulla dialoqun cədvəl hissəsində əsas vəsaitlərin adları və miqdarı əks olunmuşdur.

Bu qayda ilə yerdəyişmə qaiməsinə daxil ediləcək bütün əsas vəsaitlərin adı və miqdarı ikinci dialoqun cədvəl hissəsində əks olunur. Daha sonra "Çıxış" düyməsini basaraq, birinci dialoqa qayıtmaq lazımdır. Bu dialoqda həm əsas vəsaitlərin yerdəyişməsinə aid tərtib edilmiş sənədlərin ümumi göstəriciləri əks olunan siyahını, həm də siyahıya daxil olan hər bir yerdəyişmə qaiməsini çap etmək imkanı vardır. Bunun üçün "Çap" düyməsini seçməklə açılan kiçik menyuda "Siyahı" və ya "Qaimə" elementini seçmək lazımdır.

"Yerdəyişmə" dialoqunun ikinci formada görünüşü, seçilmiş əsas vəsaitin (Back UPS) inventar nömrələri görünən nisbətən kiçik ölçülü dialoqla birlikdə, şəkil 36-da əks olunmuşdur.


Şəkil 37. "Köhnəlmə norması" dialoqunun ekranda görünüşü: dialoqda 2002-ci ilin sentyabr ayına aid "Digər əsas vəsaitlər" qrupu üzrə amortizasiya ayırmaları hesablanmışdır.

Proqramda əsas vəsaitlərə amortizasiya hesablanması əməliyyatları "Köhnəlmə norması" elementi vasitəsi ilə açılan eyniadlı dialoqda aparılır. Bu dialoqda əsas vəsaitlərə amortizasiya hesablamaq üçün dialoqun yuxarı hissəsindəki müvafiq xanalarda hesablama aparılan ay və əsas vəsait qrupu seçilir. Sonra dialoqun aşağı hissəsində yerləşən "OK" düyməsi basılaraq, seçilmiş qrup üzrə amortizasiya hesablanır və dialoqun cədvəl hissəsində əks olunur. Hesablama prosesinin gedirişi bunun üçün nəzərdə tutulmuş indikatorda əks olunur.

2002-ci ilin sentyabr ayına aid "Digər əsas vəsaitlər" qrupu üzrə amortizasiya ayırmaları hesablanmış "Köhnəlmə norması" dialoqu şəkil 37-də əks olunmuşdur.

Proqramın məlumat bazasına əsas vəsaitlərin amortizasiya normalarını daxil etmək və orada müəyyən dəyişiklik aparmaq üçün "Köhnəlmə norması" dialoqunda əsas vəsaitlərin qrupu əks olunan xana ilə yanaşı, üzərində üç nöqtə olan düymə basılır və bunun nəticəsəndə ekranda açılan "Amortizasiya normaları" adlı kiçik ölçülü dialoqda müvafiq məlumatlar daxil edilir. Bu dialoqda, eyni zamanda qeyri-maddi aktivlərin də amortizasiya normaları daxil edilir. Burada yeni normalar daxil etmək və mövcud olanları dəyişdirmək üçün "Yeni" və "Dəyişmək" düymələrindən istifadə olunur.


Şəkil 38. "Amortizasiya normaları" dialoqunun ekranda görünüşü: yeni normalar daxil etmək üçün "Yeni" düyməsini, movcud normaları dəyişmək üçün isə "Dəyişmək" düyməsini basmaq lazımdır.

"Amortizasiya normaları" dialoqunun forması şəkil 38-də əks olunmuşdur.

Əsas vəsaitlərin yenidənqiymətləndirilməsi əməliyatları "Yenidənqiymətləndirmə" elementi vasitəsi ilə açılan eyniadlı dialoq vasitəsi ilə aparılır. Bu dialoq üç hissədən ibarət olub, onun başlıq hissəsində dialoqda məlumatların əks olunmasını tənzimləyən bir neçə xana və işarəli düymələr, sol pəncərəsində əsas vəsaitlərin ayrı-ayrı nomeklatura qruplarından aşağıya, yəni konkret inventar nömrələrindən olan əsas vəsait obyektinədək şaxələnmiş təsnifat, sağ pəncərəsində isə yenidənqiymətləndirməyə aid cədvəl yerləşir. Dialoqun yuxarı sol küncündəki işarə vasitəsi ilə sol pəncərə açılıb-bağlana bilir.

Müəssisədə mövcud olan əsas vəsaitlərin yenidənqiymətləndirilməsi üçün dialoqun müvafiq xanalarında yenidənqiymətləndirmə sənədinin nömrəsini və yenidənqiymətləndirmə tarixini daxil etdikdən sonra, əsas vəsaitlərin yerləşdiyi yer və ya digər əlamət üzrə qrupunu (məsələn, "anbar" və ya "istismar") seçmək lazımdır. Sonra dialoqun aşağısında yerləşən "OK" düyməsini basmaq lazımdır.


Şəkil 39. "Yenidənqiymətləndirmə" dialoqunun ekranda görünüşü: dialoqun cədvəl hissəsində maşınlar, avadanlıqlar və hesablama texnikası qrupu üzrə əsas vəsaitlərin yenidənqiymətləndirilməsi cədvəli əks olunmuşdur.

Bu zaman ekranda yenidənqiymətləndirmə cədvəlinin formalaşması və hesablama prosesini əks etdirən indikator görünür. Bir qədər sonra dialoqun sağ tərəf pəncərəsində yenidənqiymətləndirmə cədvəli, sol tərəf pəncərəsində isə qabağında "+" işarəsi olan "Cəmi" sözü görünür. Bu onu göstərir ki, dialoqun sağ pəncərəsində bütün əsas vəsaitlər əks olunmuşdur. Kursoru "+" işarəsinin üzərinə gətirib, düyməni basdıqda, əsas vəsaitlərin nomenklatura qrupları açılır. Bu yolla qruplaşdırma konkret inventar nömrəli əsas vəsait obyektinədək mərhələ-mərhələ dərinləşdirilə bilər. Sol pəncərədə hər hansı bir əsas vəsait qrupu, bir adda olan çoxsaylı əsas vəsaitlər və ya konkret inventar nömrəsinə malik əsas vəsait obyektini seçdikdə, sağ pəncərədəki cədvəldə həmin əsas vəsaitlərə aid məlumatlar əks olunacaqdır. Əsas vəsaitlərin yenidənqiymətləndirilməsi cədvəli dialoqda ilk dəfə "Sıfır" dərəcəsi ilə əks olunur. Yəni yenidənqiymətləndirmə dərəcəsini əks etdirən "%" sütununda bütün sətirlərdə "0" rəqəmi görünür və cədvəldə "Yenidənqiymətləndirmədən əvvəl" və "Yenidənqiymətləndirmədən sonra" sütunlarında eyni məbləğlər təkrar olunur. Başqa sözlə, dialoqun ilk açılışında yenidənqiymətləndirmə prosesi getmir. Yenidənqiymətləndirmə hesablamalarının aparılması üçün "Dəyişmək" düyməsini basaraq, ekranda açılan kiçik ölçülü "Faiz" adlı dialoqda yenidənqiymətləndirmə faizini daxil edərək, "OK" düyməsini basmaq lazımdır. Bu zaman "Faiz" dialoqu bağlanır və böyük dialoqdakı "OK" düyməsini basdıqda, ynidənqiymətləndirmənin hesablanması prosesi gedir. Bundan sonra yenidənqiymətləndirmə cədvəlini əsas vəsaitlərin qrupları üzrə, ayrı-ayrı əsas vəsaitlər və ya cəmi əsas vəsaitlər üzrə əks etdirərək, çap etmək olar.

Qeyd etmək lazımdır ki, əgər əsas vəsaitlərin qiymətini aşağı salmaq lazım gələrsə, onda "Faiz" dialoqunda verilən faiz ifadəsi mənfi ədəd kimi daxil edilməlidir.

Müəssisənin 01 yanvar 2002-ci il tarixə istismarda olan əsas vəsaitlərinin yenidənqiymətləndirilməsi cədvəli görünən "Yenidənqiymətləndirmə" dialoqu şəkil 39-da əks olunmuşdur. Şəkildə əks olunan dialoqda sol pəncərədə əsas vəsaitlərin qruplar və inventar nömrələri üzrə necə şaxələnməsi və "Maşınlar, avadanlıqlar və hesablama texnikası" qrupunun seçilməsi görünür.

"Əsas vəsaitlər" elementinə məxsus alt menyuda "Hesabat" elementini seçdikdə, müəssisədə əsas vəsaitlərin hərəkəti və mövcudluğu haqqında hesabat tipli məlumatların formalaşdırılmasına xidmət edən kiçik alt menyu açılır. Bu alt menyuda aşağıdakı elementlər vardır:
- Anbar /Istismar;
- Satış/Silinmə/UM icarə;
- Məsul şəxslər.

"Anbar/Istismar" elementi, seçilmiş hesabat dövründə müəssisənin anbarında və ya istismarda olan əsas vəsaitlərin hərəkətini əks etdirən hesabatın tərtib edilməsi üçün nəzərdə tutulmuş eyniadlı dialoqun açılmasına xidmət göstərir.

Bu dialoqun forması şəkil 40-da əks olunmuşdur. Şəkildə müəssisə üzrə 2001-ci ilə aid "Maşınlar, avadanlıqlar və hesablama texnikası" qrupu üzrə əsas vəsaitlərin hərəkəti haqqında hesabat əks olunur.

Proqramın bu hissəsində formalaşdırılan hesabatlar bundan əvvəl göstərilmiş dialoqlar vasitəsi ilə yaradılmış məlumat bazası, tərtib edilmiş ilk sənədlər və işlənmiş cədvəllər əsasında, avtomat rejimdə tərtib olunur.

Əsas vəsaitlərin hərəkətinə dair hesabat tərtib etmək üçün "Anbar/Istismar" xanasında verilmiş 3 variantdan binini ("Anbar", "Istismar" və ya "Boş xana" variantını) seçmək və dialoqun aşağı hissəsindəki "OK" düyməsini basmaq lazımdır.Bu zaman ekranda hesablama prosesinin gedişini göstərən indikator əks olunur və hesablama başa çatdıqdan sonra, indikator öz-özünə bağlanaraq, dialoqda tərtib edilmiş hesabat görünür. Bu hesabatda seçilmiş əsas vəsait qrupu üzrə və ya bütün əsas vəsaitlər üzrə əsas vəsaitlərin mədaxili, məxarici, amortizasiyası, eləcə də dövrün əvvəlinə və sonuna qalıq miqdar və məbləğ ifadəsində, ümumi şəkildə, aylar üzrə olmaqla əks olunur.


Şəkil 40. "Əsas vəsaitlər" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Anbar/Istismar" dialoqunda tərtib edilmiş əsas vəsaitlərin hərəkəti haqqında hesabatın ekranda görünüşü: dialoqun sol pəncərəsində "Maşın, avadanlıqlar və hesablama texnikası" qrupu seçilmiş və buna müvafiq olaraq, sağ pəncərədəki cədvəl hissəsində həmin qrup üzrə 2001-ci ilə aid hesabat əks olunmuşdur.

"Anbar/Istismar" xanasında seçilmiş varianta müvafiq olaraq, dialoqda anbarda olan, istismarda olan və ya bütün əsas vəsaitlərin (həm anbarda, həm də istismarda olan) hərəkətinə dair hesabat almaq mümkündür.

Dialoqun sağ pəncərəsində "Cəmi" variantını və ya "+" işarəsini açmaqla, görünən əsas vəsait qruplarından birini, eləcə də həmin qrupları açmaqla, ayrı-ayrı adlar üzrə əsas vəsaitlər və s. seçərək, istənilən təsnifatda əsas vəsaitlərin hərəkəti haqqında hesabat tərtib etmək olar.

"Hesabat" elementinə məxsus alt menyuda "Satış/Silinmə UM icarə" elementi seçildikdə, ekranda "Məxaric" dialoqu açılır. Bu dialoqda hər hansı bir seçilmiş hesabat dövrünə aid əsas vəsaitlərin satışı, silinməsi və uzunmüddətli icarəyə verilməsi haqqında müvafiq hesabatlar hazırlanması üçün imkanlar nəzərdə tutulmuşdur. Dialoqun başlıq hissəsində verilən xanada 4 variantdan ibarət tənzimləmə işləri aparıla bilər. Bunlardan üçündə "Satış", "Silinmə" və ya "Uzunmüddətli icarə" sözləri seçilərək, müvafiq sözün məzmununa uyğun hesabatın tərtib edilməsi, həmin sözlərin heç biri seçilməyərək, xananın sağ tərəfindəki "Təmizləmə" düyməsini dasdıqda isə ümumilikdə məxaric hesabatının tərtib edilməsi tənzimlənir.


Şəkil 41. "Əsas vəsaitlər" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Satış/Silinmə/UM icarə" dialoqunda tərtib edilmiş əsas vəsaitlərin ümumi məxarici (satış, silinmə və uzunmüddətli icarə birlikdə) haqqında hesabatın ekranda görünüşü: dialoqun sol pəncərəsində "Cəmi" əsas vəsaitlər seçilmiş və buna müvafiq olaraq, sağ pəncərədəki cədvəl hissəsində 2002-ci ilə aid cəmi əsas vəsaitlərin ümumi məxarici haqqında hesabat əks olunmuşdur.

Dialoqun sol tərəfinəki pəncərədə əsas vəsaitlərin seçilmiş qrupu və ya daha dərin səviyyədə götürülmüş əsas vəsait obyekti üzrə hesabat tərtib edilməsi tənzimlənir. "Hesabat" elementinə məxsus alt menyuda "Satış/Silinmə UM icarə" elementi ilə açılmış "Məxaric" dialoqunun ekranda görünüşü şəkil 41-də əks olunmuşdur.

Yuxarıda qeyd edildiyi kimi, dialoqun yuxarı hissəsində verilmiş xanada "Satış", "Silinmə" və ya "Uzunmüddətli icarə" variantlarından birini seçməklə, müvafi olaraq, hesabat dövrünə aid əsas vəsaitlərin satışı, silinməsi və uzunmüddətli icarəyə verilməsi haqqında hesabatlar hazırlamaq olar. Həmin hesabatların birlikdə yekun göstəricilərinin cəmi ümumi məxaric üzrə hesabatın yekun göstəricilərinə bərabər olacaqdır.


Şəkil 42. "Əsas vəsaitlər" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Məsul şəxslər" dialoqunun ekranda görünüşü: dialoqun sol pəncərəsində istismarda olan əsas vəsaitlərə aid maddi-məsul şəxslərdən Ocaqova Aida seçilmiş və buna müvafiq olaraq, sağ pəncərədəki cədvəl hissəsində 01 oktyabr 2002-ci il tarixə onun öhdəsində istismarda olan əsas vəsaitlərin siyahısı onların adı, miqdarı və məbləği göstərilməklə əks olunmuşdur.

"Hesabat" alt menyusunda "Məsul şəxslər" elementi seçilmiş hər hansı bir əsas vəsait obyektinin kimin öhdəsində olmasını müəyyən etmək üçün nəzərdə tutulmuş eyniadlı dialoqun açılmasına xidmət edir. Bu dialoqun ekranda görünüşü şəkil 42-də verilmişdir.

"Məsul şəxslər" dialoqunda seçilmiş əsas vəsait obyektinin kimin öhdəsində olmasını və ya hər hansı bir məsul şəxsin öhdəsində olan vəsaitlərin siyahısını tərtib etmək üçün dialoqda tarix təzimləndikdən sonra, digər xanalar boş saxlanaraq, "OK" düyməsini basmaq lazımdır. Bu zaman dialoqun sol pəncərəsində "+Cəmi" ifadəsi, sağ pəncərəsində isə bütün əsas vəsaitlərin siyahısı onların adı, miqdarı, məbləği və öhdəsində olduğu məsul şəxsin adı və soyadı göstərilməklə əks olunur. Dəstəyin işarəsini "+" işarəsinin üzərinə gətirib, düyməni basdıqda, sol pəncərədə "Cəmi" sözünün qabağındakı "+" işarəsi "-" işarəsinə çevrilir və eyni zamanda hər birinin əvvəlinədə "+" işarəsi olan "Anbar", "Istismar" və "Qısamüddətli icarə" sözləri meydana gəlir. Kursoru bu sözlərdən hansının üzərində saxlasaq, dialoqun sağ pəncərəsində həmin sözün məzmununa uyğun əsas vəsaitlərin (anbarda olan, istismarda olan və ya qısamüddətli icarəyə verilmiş) siyahısı müvafiq göstəricilərlə əks olunacaqdır. Dəstəyin işarəsini "+" işarəsinin üzərində saxlayıb, düyməni basdıqda, sol pəncərədə əsas vəsaitlərin həmin qrupu (məsələn, "Istismar" qrupu) məsul şəxslər üzrə bölünəcək və onların ad-soyadları sol pəncərədə əks olunacaqdır. Bu zaman kursoru hər hansı bir ad-soyadın üzərinə gətirdikdə, dialoqun sağ pəncərəsində həmin məsul şəxsin öhdəsində olan əsas vəsaitlərin siyahısı əks olunacaqdır.

"Məsul şəxslər" dialoqunda hər hansı bir əsas vəsaitin kimin öhdəsində olduğunu müəyyənləşdirmək üçün dialoqun yuxarı hissəsində verilmiş yuvalarda əsas vəsaitin qrupu, adı və inventar növləri daxil edildikdən sonra, "OK" düyməsi basılır. Bu zaman dialoqun cədvəl hissəsində seçilmiş əsas vəsaitin adı, miqdarı, məbləği və məsul şəxsin adı-soyadı göstərilir.