2.1. Pul vəsaitləri üzrə əməliyyatların aparılması
Pul vəsaitləri üzrə təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və analitik uçotu "Bank" və "Kassa" elementlərindən istifadə etməklə aparılır. Müəssisənin bankda olan pul vəsaitləri üzrə təsərrüfat əməliyyatları "Bank" elementi vasitəsi ilə sənədləşdirilir və onların analitik uçotu aparılır.

Proqramın əsas menyusunun "Əməliyyat" bölməsində yerləşən "Bank" elementi bir sıra hesablaşma sənədlərinin tərtib edilməsinə, proqramda banklar haqqında zəruri informasiya bazasının yaradılmasına və konkret bank hesabları üzrə hesabatların formalaşdırılmasına xidmət edir. "Əməliyyat" bölməsində "Bank" elementini seçərkən, ekranda aşağıdakı elementlərdən ibarət olan alt menyu açılır.
-Ödəniş tapşırğı;
-Hesab-faktura;
-Köçürmə üçün ərizə;
-Banklar;
-Hesabat.

Adlarından göründüyü kimi, yuxarıda göstərilən birinci, ikinci və üçüncü elementlər müvafiq bank sənədlərinin tərtib edilməsinə, dördüncü element proqramda banklar haqqında zəruri informasiya bazasının yaradılmasına, beşinci element isə bank hesabları üzrə hesabatların formalaşdırılmasına xidmət göstərir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, alt menyudakı sonuncu elementin funksiyası, eyni zamanda proqramın giriş vəziyyətində aktivləşdirilə bilən "Bank" nişanı vasitəsi ilə də yerinə yetirilə bilər.

Məlumdur ki, müəssisədə sənədlərin tərtibatı prosesində ən çox rast gəldiyimiz məsələlərdən biri ödəniş tapşırıqlarının tərtib edilməsi məsələsidir. Proqramda ödəniş tapşırıqları hazırlamaq üçün "Ödəniş tapşırığı" elementini aktivləşdirmək lazımdır. Bu zaman ekranda indiyədək hazırlanmış ödəniş tapşırıqları parametrlərinin siyahısından ibarət elektron cədvəl açılır. Bu cədvəlin ekranda görünüşü şəkil 14-də əks olunmuşdur. Cədvəlin aşağısında yerləşən müvafiq düymələrin köməyi ilə cədvəldə görünən hər hansı bir ödəniş tapşırıqlarını dəyişdirmək, onu ləğv etmək, hər səhifədə bir və ya iki nüsxə olmaqla çap etmək olar.


Şəkil 14. Ödəniş tapşırıları parametrlərinin siyahısından ibarət elektron cədvəlin ekranda görünüşü: yeni ödəniş tapşırığını tərtib etmək üçün cədvəlin altında yerləşən "Yeni" düyməsini basmaq lazımdır.

Yeni ödəniş tapşırığı tərtib etmək üçün cədvəlin aşağı hissəsində yerləşən "Yeni" düyməsini basaraq, "Ödəniş tapşırığı" adlı dialoqu açmaq və orada verilən sorğuları cavablandırmaq, başqa sözlə desək, oradakı boş yuvaları müvafiq informasiyalarla doldurmaq lazımdır. "Ödəniş tapşırığı" dialoqunun ekranda ilk açılan variantda görünüşü şəkil 15-də əks olunmuşdur.

"Ödəniş tapşırığı" dialoqunda tərtib ediləcək ödəniş tapşırıqlarının parametrləri proqramın banklar və müştəri müəssisələr haqqında məlumat bazası ilə qarşılıqlı əlaqədə müəyyənləşdirilir və müvafiq xanalarda əks olunur. Əgər ödəniş tapşırıqlarının tərtib edilməsi prossində proqramın məlumat bazasında hər hansı bir müştəri müəssisə və ya onun bankı haqqında zəruri məlumatların olmadığı aşkar olunarsa, onda ödəniş tapşırığının tərtib edilməsi prosesi dayandırılaraq, həmin müştəri müəssisə və bank haqqında zəruri məlumatlar müvafiq məlumat bazasına daxil edilməlidir. Qeyd etmək lazımdır ki, yeni müəssisə və onun bank rekvizitləri haqqında məlumat proqrama əsas menyunun "Əməliyyat" bölməsindəki "Debitor/Kreditor" elementinə məxsus olan alt menyudakı "Yeni" elementini canlandarmaqla açılan "Debitor\Kreditor/Yeni" adlı dialoq vasitəsi ilə daxil edilir.


Şəkil 15. "Ödəniş tapşırığı" dialoqunun ekranda ilk variantda görünüşü: ödəniş tapşırığının parametrləri dialoqun müvafiq xanalarına doldurulmamışdır.

Məlumdur ki, proqramın istismarının ilk dövrlərində onun müvafiq məlumat bazasını zənginləşdirmək lazım gəlir və oraya tez-tez yeni müəssisələr haqqında zəruri məlumatlar daxil edilir. Lakin zaman keçdikcə, proqramın məlumat bazası o qədər zənginləşir ki, mühasibat uçotunun təşkili və aparılması, eləcə də ödəniş tapşırıqlarının tərtib edilməsi üçün bütün zəruri informasiyalar onun məlumat bazasından seçilir.

Tutaq ki, proqramın tətbiq olunduğu "Asiman" Açıq Tipli Səhmdar Cəmiyyətində "Azercell Telekom" Birgə Müəssisəsinin 2002-ci ilin üçüncü rübündə göstərmiş olduğu rabitə xidmətlərinin dəyərini (ƏDV ilə birlikdə), daxil olmuş 05 oktyabr 2002-ci il tarixli, 347No-li hesab-faktura əsasında, 6204440 manat məbləğdə ödəmək üçün 20 oktyabr 2002-ci il tarixli, 126No-li ödəniş tapşırığı tərtib etmək lazımdır. Bunun üçün ödəniş tapşırıqlarının parametrlərindən ibarət elektron cədvəlin altında (bax: Şəkil 14) yerləşən "Yeni" düyməsi basılaraq, ekranda "Ödəniş tapşırığı" dialoqu açılır (bax: Şəkil 15). Bu dialoqda tərtib ediləcək ödəniş tapşırığının lazımi parametrləri dialoqun müvafiq yuvalarına daxil edilir. Bu əməliyyatları yerinə yetirdikdən sonra "Ödəniş tapşırığı" dialoqunun ekranda görünüşü şəkil 16-da əks olunmuşdur. Dialoqun aşağı hissəsində yerləşən "OK" düyməsini basaraq, tərtib edilmiş 20 oktyabr 2002-ci il tarixli., 126No-li ödəniş tapşırığı müvafiq elektron cədvələ daxil edilir. Bu elektron cədvəlin altında yerləşən "Çap" düyməsini basıb, müəyyən tənzimləmə prosesi apardıqdan sonra, yeni tərtib olunmuş ödəniş tapşırığı çap olunur. Tənzimləmə prosesində ödəniş tapşırığının 1 səhifədə bir və ya iki nüsxə olmaqla çap edilməsi müəyyən edilir.


Şəkil 16. Yeni tərtib ediləcək ödəniş tapşırığının parametrləti müvafiq yuvalara daxil edildikdən sonra "Ödəniş tapşırığı" dialoqunun ekranda görünüşü: dialoqun müvafiq xanalarında Asiman ATSC-nin 20 oktyabr 2002-ci il tarixli, 126No-li ödəniş tapşırığının parametrləri daxil edilmişdir.

Müasir dövrdə müəssisədə ən çox tərtib edilən sənədlərdən biri də hesab-fakturadır. Proqramda hesab-faktura tərtib etmək üçün "Bank" elementinə məxsus olan alt menyuda eyniadlı elementi aktivləşdirmək lazımdır. Bu zaman ekranda indiyədək tərtib olunmuş hesab-fakturaların parametrlərindən ibarət elektron cədvəl açılır. Bu cədvəlin ekranda görünüşü şəkil 17-də verilmişdir. "Hesab-faktura" elektron cədvəlində proqramda tərtib edilmiş hesab fakturaların nömrəsi, məbləği və müvafiq valyuta nişanından ibarət məlumatlar əks olunur.


Şəkil 17. Hesab-faktura parametrlərinin siyahısından ibarət elektron cədvəlin ekranda görünüşü: yeni hesab-faktura tərtib etmək üçün cədvəlin altında yerləşən "Yeni" düyməsini basmaq lazımdır.

Yeni hesab-faktura tərtib etmək, siyahıda olanı dəyişdirmək, onları ləğv etmək, çap etmək və proqramın giriş vəziyyətinə (əsas menyuya) qayıtmaq üçün elektron cədvəlin aşağısında yerləşən müvafiq düymələrdən istifadə olunur.

Yeni hesab-faktura tərtib etmək üçün "Hesab-faktura" elektron cədvəlinin aşağısında yerləşən "Yeni" düyməisni basaraq, "Hesab-faktura" dialoqunu açmaq və bu dialoqda verilən xanalara müvafiq məlumatlar daxil edərək, onun sorğularını cavablandırmaq lazımdır. Müvafiq sənədin quruluşuna uyğun olaraq, "Hesab-faktura" dialoqu iki hissədən, -başlıq və cədvəl hissələrindən ibarətdir. Dialoqun başlıq hissəsində tərtib ediləcək hesab-fakturaların nömrəsi və tarixini, sifariş nömrəsini, malsatan müəssisənin bankının adını və alıcı müəssisənin (və ya fiziki şəxsin) adını daxil etmək üçün xanalar nəzərdə tutulmuşdur. Dialoqun cədvəl hissəsində satış üçün təqdim edilən malların adı, miqdarı, qiyməti və məbləği göstərilir.

"Hesab-faktura" dialoqunun ekranda görünüşü şəkil 18-də verilmişdir. Həmin dialoqun xanalarında müvafiq informasiyaların daxil edilərək, hesab-faktura tərtib edilməsi müəyyən xüsusiyyətlərə malikdir. Dialoq ekrana ilk dəfə çıxarıldıqda, onun cədvəl hissəsində bundan əvvəl tərtib edilmiş hesab-fakturaya aid malların siyahısı görünür.


Şəkil 18. Yeni tərtib ediləcək hesab-fakturanın parametrləti müvafiq yuvalara daxil edildikdən sonra "Hesab-faktura" dialoqunun ekranda görünüşü: dialoqun müvafiq xanalarında "Azfen" BM-dən daxil olmuş 456No-li sifariş əsasında Asiman ATSC tərəfindən satışa təqdim ediləcək mallara aid 21 oktyabr 2002-ci il tarixli, 166No-li hesab-fakturanın parametrləri daxil edilmişdir.

Dialoqun başlıq hissəsindəki xanalarda müvafiq xanalarda müvafiq informasiyalar daxil edildikdən sonra, cədvəl hissəsinin yuxarısında yerləşən "OK" düyməsi basılmalıdır. Bu zaman dialoqun cədvəl hissəsində keçmiş hesab-fakturaya aid mallar haqqında məlumatlar pozulur, həmin düymələr ( "OK" və "Çıxış" düymələri) yox olur və dialoqun cədvəl hissəsi mallar haqqında zəruri məlumatların daxil edilməsi üçün hazır vəziyyətə gətirilir. Cədvəl hissəsində malların adı, miqdarı və qiyməti klaviatura vasitəsi ilə yazılır, məbləği isə avtomatik hesablanır. Burada məlumatlar xanalara ardıcıl şəkildə daxil edilməli və növbəti xanaya keçid üçün "Tabulyasiya" düyməsi basılmalıdır. Cədvəldə malların adı, miqdarı və qiyməti daxil edildikdən sonra, sonuncu sətirdə əlavə dəyər verdisi məbləği daxil edilməlidir. Bünün üçün hesab-fakturaya daxil edilmiş malların məbləği hesablanaraq, ƏDV dərəcəsinə müvafiq vergi məbləği müəyyən edilməli və həmin səitrdə "miqdar" xanasına "1", "qiymət" xanasına isə ƏDV məbləği yazılmalıdır. Bu qaydalar pozulduqda, hesab-fakturanın tərtib edilməsi prosesi başa catmayacaq və proqram "Məlumat tam deyil!" məzmunlu xəbərdarlıq edəcəkdir. Dialoqun bütün xanaları doldurulduqdan sonra, "Çap" düyməsi basılır və tərtib edilmiş hesab-faktura çap edilir. Daha sonra "Çap" rejimi bağlandıqda, proqram hesab-fakturanın yaddaşda saxlanıb-saxanılmaması barədə sorğu edir və "Hə" cavabı verilərsə, onu hesab-fakturaların siyahısına daxil edir.


Şəkil 19. Köçürmə haqqında ərizə parametrlərinin siyahısından ibarət elektron cədvəlin ekranda görünüşü: köçürmə haqqında yeni ərizə tərtib etmək üçün cədvəlin aşağısında yerləşən "Yeni" düyməsini basmaq lazımdır.

Müasir dövrdə müəssisənin bankdakı valyuta hesabından xarici valyuta ilə pul vəsaitini başqa ünvana köçürmək üçün müəssisə müəyyən olunmuş formada köçürmə haqqında ərizə tərtib edərək, onu banka təqdim etməlidir. Proqramda köçürmə haqqında ərizə tərtib etmək üçün "Bank" elementinə məxsus olan alt menyuda "Köçürmə üçün ərizə" elementi seçilməlidir. Bu zaman ekranda köçürmə haqqında ərizələrin parametrləri əks olunan elektron cədvəl açılır. Bu cədvəlin ekranda görünüşü şəkil 19-da verilmişdir.

Elektron cədvəldə köçürmə haqqında ərizələrin nömrəsi, tarixi, çıxış nömrəsi, məbləği, valyutanın adı və nişanı, hesab nömrəsi, vasitəçi və benefisiar banklarının rekvizitləri, eləcə də benefisiarın hesab nömrəsi əks olunur. Yeni köçürmə haqqında ərizə tərtib etmək, siyahıda olanı dəyişdirmək, onları ləğv etmək, çap etmək və proqramın giriş vəziyyətinə (əsas menyuya) qayıtmaq üçün cədvəlin aşağısında yerləşən müvafiq düymələrdən istifadə etmək lazımdır.


Şəkil 20. Yeni tərtib ediləcək köçürmə üçün ərizənin parametrləti müvafiq yuvalara daxil edildikdən sonra, "Köçürmə üçün ərizə" dialoqunun ekranda görünüşü: dialoqun müvafiq xanalarında "Asiman" ATSC tərəfindən banka təqdim ediləcək 21 oktyabr 2002-ci il tarixli, 17No-li köçürmə üçün ərizənin parametrləri daxil edilmişdir.

Köçürmə haqqında ərizə tərtib etmək üçün "Köçürmə üçün ərizə" adlı elektron cədvəlin aşağı hissəsində yerləşən "Yeni" düyməsini basaraq, müvafiq dialoqu açmaq və orada verilən xanalara müvafiq məlumatlar daxil etmək lazımdır. Bundan sonra "Çap" düyməsini basaraq, tərtib edilmiş köçürmə haqqında ərizəni çap etmək və ya "OK" düyməsini basaraq, onu elektron cədvələ daxil etmək lazımdır. Köçürmə haqqında ərizə çap edildikdən sonra da elektron cədvələ daxil edilə bilər, və yaxud həmin cədvələ daxil edilmədən "Çıxış" düyməsini basaraq, silinə bilər.

"Köçürmə üçün ərizə" dialoqunun ekranda görünüşü şəkil 20-də verilmişdir. Həmin dialoqda "Asiman" ATSC tərəfindən tərtib edilmiş 21 oktyabr 2002-ci il tarixli, 17No-li köçürmə haqqında ərizənin zəruri parametrləri daxil edilmişdir.

Məlumdur ki, müəssisədə müxtəlif bank hesabları üzrə vaxtaşırı hesabatlar tərtib olunur. Bir qayda olaraq, hər ayın sonunda hər bir bank hesabı üzrə hesabat, başqa sözlə, həmin hesabda pul vəsaitinin hərəkətini əks etdirən cədvəl tərtib edilərək, müxtəlif bank sənədləri saxlanan qovluğa əlavə edilir. Həmin bank sənədləri bu hesabatların arxasına səliqə ilə tikilərək, mühasibatda saxlanır və müəyyən dövr keçdikdən sonra, müəssisənin arxivinə verilir. Bunları nəzərə alaraq, proqramda müəssisənin ayrı-ayrı bank hesabları üzrə hesabat tərtib etmək üçün müvafiq imkanlar yaradılmışdır.

Bank hesabları üzrə hesabat tərtib etmək üçün "Bank" elementinə məxsus olan alt menyuda "Hesabat" elementi seçilir və ya proqramın girişində verilən "Bank" nişanı canlandırılır. Hər iki halda ekranda müəssisənin verilmiş bank hesabı üzrə pul vəsaitinin hərəkətinə dair hesabat tərtib etmək üçün nəzərdə tutulmuş "Bank/Hesabat" adlı dialoq açılır. Bu dialoqun ekranda görünüşü şəkil 21-də verilmişdir. Hər hansı bir bank hesabı üzrə müəyyən dövrə aid pul vəsaitinin hərəkətini əks etdirən hesabat tərtib etmək üçün dialoqun yuxarı hissəsində görünən xanalarda hesabat dövrünün başlanğıc və son tarixlərini, eləcə də bank hesabının adı və nömrəsini müəyyən etdikdən sonra, "OK" düyməsini basmaq lazımdır. Bu zaman dialoqun aşağı hissəsindəki cədvəldə hesabat dövrünə aid pul vəsaitlərinin hərəkətini əks etdirən sətirlər formalaşır, cədvəldən aşağıdakı hissədə isə həmin dövrə aid dövriyyə və qalıq məbləğləri əks olunur. Hesabatı çap etmək üçün dialoqda verilmiş "Çap" düyməsini basmaq lazımdır.

Müəssisənin kassasında olan pul vəsaitlərinə dair təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və analitik uçotunun aparılmasında "Kassa" elementindən istifadə edilir. Proqramın əsas menyusunun "Əməliyyat" bölməsində yerləşən "Kassa" elementi müəssisədə kassa əməliyyatlarının aparılmasında tələb olunan sənədlərin tərtib edilməsinə və qeydə alınmasına, eləcə də kassada olan pul vəsaitlərinin hərəkətinə dair hesabatların formalaşdırılıb, çap edilməsinə ximət edir.


Şəkil 21. "Bank\Hesabat" adlı dialoqun ekranda görünüşü: dialoqun müvafiq xanalarında müəssisənin AKB Respublika bankında olan hesablaşma hesabı üzrə 2001-ci ilin noyabr ayında pul vəsaitinin hərəkətinə dair hesabatın müvafiq parametrləri daxil edilmişdir.

Bu elementi seçərkən, ekranda aşağıdakı elementlərdən ibarət olan alt menyu açılır:
- Əməliyyat;
- Ümumi hesabat;
- Günlər üzrə hesabat.

Burada göstərilən birinci element kassa əməliyyatlarının sənədləşdirilməsi və qeydiyyatına, ikinci və üçüncü elementlər isə müvafiq kassa hesabatlarının tərtib edilməsinə xidmət edir. Burada verilmiş "Ümumi hesabat" elementinin funksiyasını, eyni zamanda proqramın giriş vəziyyətində aktivləşdirilə bilən "Kassa" nişanı vasitəsi ilə də yerinə yetirmək mümkündür.

"Əməliyyat" elementini aktivləqşdirərkən, ekranda seçilmiş hesabat dövründə qeydə alınmış kassa əməliyyatlarının zəruri parametrləri əks etdirilmiş elektron cəvəl açılır. Bu cədvəldə kassa əməliyyatını əks etdirən sənədin nömrəsi, əməliyyatın tarixi, debetləşən və kreditləşən hesabların nömrələri, bölmə adı, əməliyyatın məzmunu, eləcə də manatla və seçilmiş hər hansı xarici valyta ilə məbləği əks olunur.


Şəkil 22. "Əməliyyat" elektron cədvəlinin ekranda görünüşü: cədvəlin müvafiq sütunlarında proqrama daxil edilmiş kassa əməliyyatlarının zəruri parametrləri əks olunmuşdur.

Çədvəlin aşağı hissəsində verilmiş düymələrin köməkliyi ilə kassa mədaxil və məxaric orderləri tərtib etməklə, yeni kassa əməliyyatını qeydiyyata almaq, əvvəllər qeydə alınmış əməliyyatda dəyişiklik aparmaq, hər hansı bir əməliyyatı ləğv etmək, kassa əməliyyatlarının siyahısından ibarət cədvəli və kursorun üzərində dayanmış olduğu cari kassa əməliyyatına dair sənədi (mədaxil və ya məxaric orderini) çap etmək və proqramın giriş vəziyyətinə qayıtmaq mümükündür. Bundan başqa, elektron cədvəlin aşağı sol küncündə yerləşən "Valyuta" adlı kiçik pəncərədə hər hansı bir valyta növünü seçməklə, cədvəlin "Valyuta" sütununda əməliyyatların müvafiq valyuta ilə məbləğini əks etdirmək mümkündür. "Əməliyyat" elektron cədvəlinin ekranda görünüşü şəkil 22-də verilmişdir.

Proqramda yeni kassa əməliyyatını qeydə almaq və müvafiq sənəd tərtib etmək üçün elektron cədvəlin aşağısında yerləşən "Yeni" düyməsini basmaq və bu zaman düymənin aşağısında açılmış alt menyuda müvafiq kassa orderi növünü (kassa mədaxil və ya məxaric orderini) seçmək lazımdır. Bu zaman seçilmiş order növünə uyğun olaraq, ekranda kassa mədaxil və ya məxaric orderinin tərtib edilməsini təmin edən müvafq dialoq açılır. "Kassa mədaxil orderi" və "Kassa məxaric orderi" adlı bu iki dialoq xarici görünüşcə bir-birinə bənzəyir və müvafiq kassa sənədlərinin rekvizitlərinə uyğun yuvalara malikdirlər.

"Kassa mədaxil orderi" dialoqunun ekranda görünüşü şəkil 23a-da verilmişdir. Həmin dialoqda "Asiman" ATSC-nin 2No-li mağazasının əməkdaşı Babayeva Vəfa Hüseyn qızının kassaya vermiş olduğu 2850000 manat satışpuluna dair 22 oktyabr 2002-ci il tarixli, 59No-li kassa mədaxil orderinin müvaiq parametrləri daxil edilmiş və həmin əməliyyata dair müxabirəşmə (Debet 50, Kredit 46.2.1) müəyyən edilmişdir.


Şəkil 23a. "Kassa mədaxil orderi" dialoqunun eklanda görünüşü: dialoqda "Asiman" ATSC-nin 2No-li mağazasının əməkdaşı Babayeva Vəfa Hüseyn qızının kassaya verdiyi 2850000 manat satışpuluna dair 22 oktyabr 2002-ci il tarixli, 59No-li kassa mədaxil orderinin müvafiq parametrləri daxil edilmişdir.

Qeyd etmək lazımdır ki, dialoqda müəssisənin adı və VÖEN proqramın məlumat bazası əsasında avtomatik əks olunur. Digər xanalarda məlumatlar klaviaturadan daxil edilir və ya tənzimlənmə yolu ilə müəyyənləşdirilir. "Məbləğ" xanasına daxil edilmiş ədədə və onunla yanaşı valyuta növü əks olunan xanada seçilmiş valyutanın növünə uyğun olaraq, "Kurs", "Məbləğ (AZM)" və yazı ilə məbləğ əks olunan qeyri-aktiv xanada məlumatlar avtomatik formalaşır.


Şəkil 23. Ümumi "Kassa hesabatı" dialoqunun ekranda görünüşü: dialoqun tarix əks olunan xanalarında 01 fevral 2001-ci il tarixdən 07 fevral 2001-ci il tarixədək olan 7 günlük hesabat dövrü müəyyən edilmişdir; "OK" düyməsi basıldıqdan sonra, müvafiq hesabat dövrünə aid kassa əməliyyatları dialoqun cədvəl hissəsində əks olunmuşdur.



Dialoqun bütün xanalarında müvafiq məlumatlar əks etdirildikdən sonra, "Çap" düyməsini basaraq, tərtib olunmuş sənədi çap etmək, "OK" düyməsini basaraq, müvafiq kassa əməliyyatını "Əməliyyat" cədvəlinə daxil etmək lazımdır.

Proqramda kassa əməliyyatlarına dair iki növ hesabat tərtib edilməsi imkanı nəzərdə tutulmuşdur:
-Ümumi hesabat;
-Günlər üzrə hesabat.

Bu hesabat növləri müvafiq olaraq, alt menyuda verilmiş elementlərdən istifadə etməklə tərtib edilir.

"Ümumi hesabat" elementini aktivləşdirərkən, ekranda verilmiş hər hansı bir hesabat dövrünə aid kassa əməliyyatlarını özündə əks etdirən hesabatın tərtib edilməsi üçün nəzərdə tutulmuş "Kassa hesabatı" dialoqu açılır. "Kassa hesabatı" dialoqunun ekranda görünüşü şəkil 23-də verilmişdir. Burada 01 fevral 2001-ci il tarixdən 07 fevral 2001-ci il tarixədək yeddi günlük kassa hesabatı tərtib edilmək üçün hesabat dövrü tənzimlənmişdir. Dialoqda tənzimlənmiş kassa hesabatını çap etmək üçün "Çap" düyməsini basmaq, proqramın giriş vəziyyətinə qayıtmaq üçün isə "Çıxış" düyməsini basmaq lazımdır.

Alt menyudakı "Günlər üzrə hesabat" elementini aktivləşdirərkən, ekranda ayrı-ayrı konkret günlər üzrə kassa hesabatı tərtib etmək üçün nəzərdə tutulmuş "Kassa hesabatı" dialoqu açılır. Bu dialoqun ekranda görünüşü şəkil 24-də verilmişdir.

Dialoqun ilk görünüşündə "Tarix" xanalarında ümumilikdə proqram üçün müəyyən edilmiş hesabat dövrü əks olunur. Əgər proqram üçün "01/01/2001-31/12/2001" hesabat dövrü müəyyən edilmişdirsə (bax: Əsas menyu- "Əməliyyat" bölməsi-"Hesabat dövrü" elementi), onda "Kassa hesabatı" dialoqunun giriş vəziyyətində "Tarix" xanalarında həmin dövr əks olunacaqdır.

Dialoqda hər hansı bir gün üzrə kassa hesabatının parametrlərini almaq üçün "Tarix" xanalarının hər ikisində həmin günün tarixini daxil etmək, "HesabNo" xanasında 50No-li "Kassa" hesabını əks etdirmək, "Valyuta" xanasında kassa əməliyyatlarının aparılmış olduğu valyutanın növ nişanını, bu halda "AZM" seçmək və "Valyutaya çevirmək" xanasında hesabatın manatla yanışı, digər ikinci valyuta ilə də alınmasını təmin etmək üçün (əgər lazım gələrsə) müvafiq valyuta növü nişanı seçərək, "OK" düyməsini basmaq lazımdır.

Bu zaman dialoqun günlər əks olunan "Tarix" pəncərəsində yuxarıda müəyyən edilmiş günün tarixi, cədvəl hissəsində isə həmin günə aid kassa əməliyyatları əks olunacaqdır. "Çap" düyməsini basmaqla, tənzimlənmiş kassa hesabatı çap olunur.

Dialoqda bir neçə günə aid kassa hesabatları tərtib etmək lazım gələrsə, "Tarix" xanalarında başlanğıc və son günün tarixini daxil edərək, digər tənzimləmə prosesini başa çatdırmaq lazımdır. Məsələn, 01 fevral-07 fevral 2001-ci il tarixə aid günlər üzrə kassa hesabatları tərtib etmək üçün "Tarix" xanalarında "01/02/2001" və "07/02/2001" daxil edərək, digər tənzimləmə prosesini başa çatdırmaq və "OK" düyməsini basmaq lazımdır. Bu zaman dialoqun şaquli "Tarix" pəncərəsində 01-07 fevral 2001-ci il dövrünə aid günlərin tarixləri, cədvəl hissəsində isə 01 fevral 2001-ci ilə aid kassa əməliyyatları əks olunacaqdır. Şaquli "Tarix" pəncərəsində kursoru aşağı-yuxarı hərəkət etdirdikcə, cədvəldə ayrı-ayrı günlərə aid kassa əməliyyatları əks olunacaqdır. "Çap" düyməsini basmaqla, 01-07 fevral 2001-ci il dövrünə aid ayrı-ayrı dünlər üzrə kassa hesabatları çap olunacaqdır.


Şəkil 24. Günlər üzrə "Kassa hesabatı" dialoqunun ekranda görünüşü: dialoqun tarix əks olunan xanalarında 01 fevral 2001-ci il tarixdən 07 fevral 2001-ci ilədək olan 7 günlük hesabat dövrü müəyyən edilmişdir; "OK" düyməsi basıldıqdan sonra, müvafiq hesabat dövrünə aid kassa əməliyyatları olan günlər dialoqun sol tərəfindəki şaquli pəncərədə, həmin pəncərədən seçilmiş ayrı-ayrı konkret günlər üzrə kassa əməliyyatları isə sağ tərəfdəki cədvəl hissəsində əks olunur; burada dialoqun cədvəl hissəsində 01 fevral 2001-ci il tarixdə baş vermiş kassa əməliyyatları əks olunmuşdur.

Şəkil 24-də əks olunmuş günlər üzrə "Kassa hesabatı" dialoqunda 01-07 fevral 2001-ci il dövrünə aid günlər üzrə kassa hesabatının prametrləri, dialoqun cədvəl hissəsində isə 01 fevral 2001-ci ilə aid kassa əməliyyatları əks olunmuşdar.